ABŞ-ın suriyalı müxalifləri bölgə ölkələri ərazisində təlim keçib sonra silahlandırıb Suriyada İŞİD-ə qarşı döyüşə göndərmək planı fiaskoya uğrayır.
Baki-xeber.com xəbər verir ki, Türkiyədə ABŞ tərəfindən İŞİD-ə qarşı döyüşməsi üçün silahlandırılan suriyalı müxaliflərin Suriyaya girən ilk qrupu böyük müvəffəqiyyətsizliyə uğrayıb. Türkiyədən gedən 54 nəfərlik ilk qrupun təxminən yarısı "Əl Qaidə”nin buradakı qolu "Əl Nusra”ya əsir düşüb. Digərləri də ya öldürülüb ya da qaçıb. Sağ qalanlar isə Hələbdə PYD-nin nəzarətindəki Afrin bölgəsinə sığınıb.
Son məlumatlara görə, 54 nəfərlik qrupdan cəmi 7 döyüşçü qalıb.
Bu arada ABŞ təlim proqramında iştirak edən suriyalı döyüşçülərə hava dəstəyi verəcəyilə bağlı xəbərlər yayılıb. "The Wall Street Journal” yazır ki, prezident Barak Obama ABŞ hərbçilərinin təlim keçdiyi suriyalı üsyançıların mövqelərinə hücum olacağı təqdirdə, ABŞ Hərbi Hava Qüvvələrinə hücum edənlərə, o cümlədən Bəşər Əsədə sadiq qüvvələrə zərbə endirmək üçün icazə verib. Ağ evdən bildirilib ki, bu qərar ABŞ Silahlı Qüvvələrinin Suriya münaqişəsində müttəfiqlərinə verəcəyi dəstəklə bağlı müzakirələrdən sonra qəbul edilib.
Nəşrin mənbələri Pentaqonun suriyalı üsyançılara təlim keçməsinin Əsəd qüvvələri ilə ilk açıq münaqişəyə gətirib çıxara biləcəyindən narahatlıqlarını ifadə ediblər.
"WSJ”in hərbi mənbələri bildiriblər ki, Əsəd qüvvələri ilə birbaşa toqquşma ehtimalı yüksək olmasa da, yaxın perspektivdə istisna deyil.
Pentaqon rəsmiləri isə üsyançıların hökumət qoşunları ilə mübarizə üçün deyil, "İslam dövləti" terror təşkilatı ilə mübarizə üçün hazırlandığını, onların Əsəd rejiminin nəzarət etdiyi ərazilərdə döyüşməməli olduğunu bildiriblər: "Əsəd qüvvələrinin üsyançıların konkret bölmələrinə hücum edəcəyinə inanmırıq”.
Ağ ev yanında Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Alister Baskey ABŞ Silahlı Qüvvələrinə verilən səlahiyyətləri şərh etmək istəmədiyini bildirib.
Pentaqon nümayəndəsi Elissa Smit isə qeyd edib ki, ABŞ-ın Suriya üzrə hərbi proqramı əsasən "İslam dövləti” terror təşkilatı ilə mübarizə üçün nəzərdə tutulub.
Sözügüdən planın ABŞ və Türkiyə tərəfindən razılaşdırıldığı bildirilir.