Almaniyada yayımlanan netzpolitik.org adlı internet portalının 2 jurnalisti barəsində cinayət işi açılması bu ölkədə mətbuat azadlığı mövzusunu gündəmə gətirib.
Baki-xeber.com xəbər verir ki, sözügedən portalın əməkdaşları Markus Beckedahl və Andre Meister Konstitusiyanı Qoruma Federal Təşkilatına (BfV) aid gizli sənədləri nəşr etdiklərinə görə, vətənə xəyanətdə suçlanır. Federal Prokurorluq istintaqa səbəb kimi netzpolitik.org-da nəşr olunan "gizli pul axışı, internet materiallarının toplu qiymətləndirilməsi və bu işi davam etdirəcək təşkilatın quruluş sxemi"ni göstərir.
Prokurorluğun eyni zamanda sözügedən sənədi jurnalistlərə ötürən mənbə barəsində də iş açdığı, ancaq bu işdə vətənə xəyanət ittihamının olmadığı bildirilir. Federal Prokurorluğun bir ekspert təyin edərək sözügedən sənədin dövlətin gizlilik tələb edən bir sənədi olub-olmadığını araşdıracağı da qeyd edilir.
BfV prezidenti Hans Georg Maassenin şikayətilə açılan bu iş ölkədə mətbuat azadlığı mövzusunu da gündəmə gətirib. Netzpolitik.org xəbər saytının məsul işçisi Beckedahl istintaqa sərt reaksiya göstərərək hökuməti ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) kansler Angela Merkel də daxil olmaqla bir çox Almaniya rəsmisini dinləməsi ilə bağlı qalmaqalı gizlətmək və gerçəkləri örtməyə çalışmaqda günahlandırıb.
Almaniya Jurnalistlər Birliyinin rəhbəri Mixael Konken də hökumətin bu addımını sərt şəkildə tənqid edib. Konken bunu iki jurnalistin susdurulmasına qarşı yönəlmiş uğursuz bir əməliyyat kimi xarakterizə edib və istintaqın dərhal dayandırılmasını tələb edib. Bəzi siyasətçilərdə iki jurnalistə cinayət işi qaldırılmasına qarşı çıxaraq hökumətin bu addımını rəzalət adlandırıblar.
Sol Partiyanın rəsmilərindən Sahra Vaqenknext də Federal Prokurorluğun demokratiyaya xəyanət etdiyini vurğulayaraq, dinləmələr və izləmələrlə bağlı araşdırma aparılmasını tələb edib.
Almaniyada ən son 1960-cı illərdə "Der Spiegel” jurnalına vətənə xəyanət ittihamı ilə iş açılmışdı. Ancaq "Der Spiegel” işçiləri haqqında iddialar məhkəmədə sübut edilmədiyi üçün işə xitam verilmişdi.