Məlumat verildiyi kimi, bu günlərdə Rusiya "Türk axını"nın ilk xətti üzrə hökumətlərarası saziş layihəsini Türkiyəyə göndərib. Digər xətlər üzrə başqa sənədin olacağı gözlənir. Rusiya Federasiyası Energetika Nazirliyindəki mənbə bildirib ki, əvvəlcədən "Türk axını"nın tikintisinə dair hökumətlərarası sazişin bütün dörd xəttin də daxil olması ilə kompleks şəkildə hazırlanması və imzalanması planlaşdırılırdı. Lakin Rusiya və Türkiyə arasında iyunda Bakıda keçirilən son danışıqlardan sonra bunun mərhələli şəkildə həyata keçirilməsi qərara alınıb.
Mənbə onu da xatırladıb ki, "Türk axını"nın ilk xətti sırf Türkiyənin ehtiyaclarının ödənilməsinə xidmət edəcək. Amma yeni yayılan məlumatlar tərəflərin razılığa gəlməsinin heç də asan olmayacağını göstərir. Ankaranın tələblərinə lazımi cavab verilməməsi fonunda Türkiyə Rusiya ilə tam razılığın əldə olunmasını mümkünsüz sayır. Elə bu səbəbdəndir ki, Rusiyanın energetika naziri Aleksandr Novak bildirir ki, ikitərəfli razılaşma ən qısa zamanda imzalanmadığı təqdirdə "Türk axını" layihəsinin təxirə salınması mümkündür. Onun sözlərinə görə, Qara dənizin dibi ilə Türkiyəyə çatacaq xəttin inşasına başlanmadığı təqdirdə açılış tarixinin uzanması qaçılmazdır. Daha öncə "Reuters"ə açıqlama verən Türkiyədəki mənbələr rəsmi Ankaranın ikitərəfli razılaşmadan öncə Rusiyadan alınacaq təbii qazın qiymətində böyük endirim istədiyini açıqlayıb. Rusiya isə buna getmir. Elə bu səbəbdən "Türk axını" ilə bağlı məsələ dalana dirənib. Digər tərəfdən, "Milliyet" qəzetinin yazdığına görə, hazırda Türkiyə hökumətində hesab edirlər ki, "Türk axını" razılaşmasını yeni hökumətin öhdəsinə buraxmaq lazımdır. Çünki indiki müvəqqəti hökumət belə razılaşma imzalasa, gələcəkdə onun şübhə altına alınması baş verə bilər. Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız da bu fonda "Türk axını" ilə bağlı hər hansı nəticənin əldə olunmadığını deyib. Rusiyanın əsas ümid etdiyi Ankara faktoru qazın qiymətində razılığın əldə olunmaması ilə ortadan qalxır. Əvəzində Azərbaycan qazını Avropaya çıxaracaq marşrutun Türkiyə ərazisində keçən hissəsinin inşası istiqamətində işlər sürətləndirilib.
Xatırladaq ki, indiki durumda Avropa Komissiyası Avropanın cənub-şərqinin qaz təminatının dörd variantını nəzərdən keçirir. Bu variantlar, "Cənub axını" layihəsinin ləğvindən sonra Rusiya qazından tam imtina edilməsə də, heç olmasa çatdırmaların diversifikasiyasına imkan verəcək.
Brüssel iki interkonnektor quraraq Yunanıstan, Bolqarıstan və Serbiyanı Azərbaycan qazı ilə, Macarıstan və Sloveniyanı isə gələcək Xorvatiya terminalından olan qazla təmin etməyi təklif edir. Amma o da vurğulanır ki, elan edilən qaz mənbələri lazımi qaz tədarükünün həcmini təmin edə bilməyəcək, bundan başqa, maliyyələşdirmədə də problemlər yaranacaq.
Xorvatiyada terminalın inşasının müzakirəsi beş ildir davam edir. Belə ki, investisiya qərarı sərmayəçilərin layihənin özünü doğrultmasına şübhə ilə yanaşması ucbatından qəbul edilməyib. Avropa komissiyası prioritet qaz layihələrinə AYİB və Avropa İnvestisiya Bankının inşaat üçün sərmayə cəlb edilməsində əsas dəstəyini vəd edir, amma dəqiq maliyyələşdirmə strukturu məlum deyil və gələn ilin sonuna qədər işlənib hazırlanmalıdır.
Mütəxəssislərin fikrincə, bu layihələrdən bəziləri, məsələn, Yunanıstan-Bolqarıstan-Serbiya kimi "Türk axını" layihəsinin realizəsi zamanı "Qazprom" istifadə edə bilər. Belə vəziyyətdə əsas diqqət Azərbaycandan Avropaya gedən kəmərlərə yönəldilir. Görünür, Avropa üçün ən real layihə məhz Azərbaycandan qaz alışını həyata keçirməkdir. Hər halda, "Türk axını" ilə müqayisədə Avropanın əsas diqqəti Azərbaycan resursları üzərində cəmlənib. Avropa Komissiyasının rəqabət məsələləri üzrə komissarı Marqaret Vesthager isə bundan əvvəl bildirib ki, real vəziyyətdə Avropa Komissiyası "Türk axını" qaz kəməri layihəsi ilə bağlı araşdırmalara başlaya bilər. Mümkün araşdırmalar Rusiyanın "Qazprom" şirkətinin Avropa ölkələri ilə danışıqlarının öyrənilməsini əhatə edəcək və layihənin Avropa Birliyinin antiinhisar qanunvericiliyinə uyğunluğu yoxlanacaq.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin ötən ilin dekabr ayında Türkiyəyə etdiyi səfərində "Cənub axını" layihəsindən imtina edib. Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla apardığı müzakirələrdən sonra Türkiyə üzərindən çəkilməsi planlaşdırılan "Türk axını" layihəsini elan edib. Bu layihə Avropada enerji kartlarını alt-üst edir və o cümlədən Azərbaycanda yaxından izlənir. Çünki Azərbaycanın "Şahdəniz-II" yatağından hasil olunacaq qaz da TANAP kəməri ilə Türkiyənin Yunanıstanla sərhədinə, oradan isə TAP kəməri ilə Avropanın cənubuna nəql edilməlidir. Amma indiki vəziyyətdə "Türk axını"nın çəkilməsi dalana dirənib. Elə bu səbəbdən Azəçrbaycan qazı Avropaya daha tez çatacaq.
Tahir TAĞIYEV