Zərərsizləşdirilməsi hələ də mümkün olmayan İŞİD terror qruplaşmasının hədəfində olan məkanlardan birinin də Qafqaz olduğu artıq heç kimə sirr deyil. Elə təşkilat özü də Qafqazda möhkəmlənməkdə maraqlı olduğunu gizlətmir. Xatırladaq ki, bölgədəki radikal qruplaşmalar artıq İŞİD-ə sədaqət andı içiblər və bu təşkilatdan göstəriş üzrə hərəkət etməyə hazır olduqlarını bəyan edirlər. Hətta iddialara görə, Suriya və İraqda məskunlaşan İŞİD öz qərargahını Şimali Qafqaza köçürmək istəyir. Bütün bunlar isə bu bölgə üçün İŞİD təhdidinin artmaqda olduğunu göstərir.
Görünür elə bu səbəbdəndir ki, Rusiya prezidenti Vladimir Putin radikal terror təşkilatlarının beynəlxalq cinayət təşkilatları ilə birləşməsinin dünya üçün ən böyük təhlükə olduğunu deyib.
Yaroslavl şəhərində təşkil edilən beynəlxalq kəşfiyyat təşkilatları və hüquq-mühafizə qüvvələrinin 14-cü toplantısına məktub ünvanlayan Kreml rəhbəri terrorçuluğun inkişafından böyük narahatlıq duyduğunu bildirib. Putinin sözlərinə görə, bu gün dünyanın ən pis vəziyyətdə olan regionları Yaxın Şərq və Şimali Afrikadır:"Terrorçular bu iki bölgəndən mərkəz kimi istifadə edir. Onlar bu bölgələrdə yerli dəstəkçilər taparaq onlara təlim keçir. Öyrətdikləri insanlar isə digər dövlətlərin qeyri-sabit hala gətirilməsi üçün istifadə edilir". Putin mövcud təhdidlərə qarşı dünya dövlətlərinin sistemli iş və əməkdaşlıq çərçivəsində mübarizə aparmalı olduğunu qeyd edib. O, toplantının fərqli ölkələrdəki kəşfiyyat təşkilatları, təhlükəsizlik vahidləri və hüquq-mühafizə qüvvələri arasındakı ünsiyyəti artırması baxımından əhəmiyyətli olduğunu deyib.
Bu arada Rusiya Federal Təhlükəsizlik Xidmətinin sədri Aleksandr Bortnikov İŞİD daxilində 100-dən çox ölkə vətəndaşının olduğunu açıqlayıb. Yığıncaqda danışan Bortnikov hazırda İŞİD-in təbliğat sahəsində təşəbbüsü ələ keçirdiyini, beynəlxalq cəmiyyətin isə lazımi tədbirlər görmədiyini bildirib. Ümumiyyətlə isə silahlı qruplaşmanın tərkibində 4 minə yaxın postsovet sakini var.
Belə vəziyyət region ölkələri, o cümlədən Azərbaycan üçün də müəyyən təhdid vəd edir. Xatırladaq ki, bir müddət əvvəl İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin qeyd olunan xüsusda çox maraqlı fikirlər səsləndirmişdi: "Təbii olaraq İŞİD-in və terror qruplarının hədəflərindən biri də Qafqazdır. Bunların Qafqazda 2 hədəfi var. Birinci məqsədləri Şimali Qafqazda, Rusiyanın müsəlman əyalətlərində təhlükə törətməkdir. Onlar Rusiyaya təzyiqlər göstərməklə bu ölkənin Suriya və İraqdakı mövqeyində dəyişikliyə nail olmağa çalışırlar. Əslində İŞİD bu gün Qafqazda Qərb ölkələrinin hədəflərinə xidmət edir. Onların ikinci hədəfi isə şiə ölkəsi olan Azərbaycandır və bunu dəfələrlə bəyan ediblər. Mən düşünmürəm ki, bunlar Azərbaycanda bir uğur əldə edə bilsinlər. Bunun səbəblərindən biri o qədər güclərinin olmamasıdır. İkinci səbəb budur ki, Azərbaycan dövləti milli təhlükəsizlik məsələsilə çox ciddi məşğul olur, radikalizm meyllərinin ölkədə artmasının qarşısını alır. Düşünürəm ki, İŞİD-lə mübarizə bir ölkənin öhdəsindən gələcəyi iş deyil. Regional ölkələr birgə səy göstərməlidir. Bütün region ölkələri birləşərək terrorizmin yeni növü olan İŞİD və "Əl-Qaidə" terrorçularına qarşı birgə mübarizə aparmalıdır. Qərb ölkələri də İŞİD-i dəstəklədiklərinə görə nüfuzları əldən gedir. Bunu dərk edirlər və bir qədər mühafizəkar olublar. Hazırda Qərb ölkələri arasında İŞİD-i müdafiə etmək mövzusunda fikir ayrılığı yaranıb. Bu da regionda İŞİD-lə mübarizə üçün yaxşı fürsət yaradıb".
Hazırda İŞİD Şimali Qafqazda və Rusiyanın əsasən müsəlmanlar yaşayan digər bölgələrində möhkəmlənməyə xüsusi diqqət yetirir. Beynəlxalq Böhran Qrupunun "Şimali Qafqaz: İnteqrasiya Problemləri: İqtisadi və sosial tələblər" başlıqlı son hesabatında da vurğulanır ki, İŞİD silahlı qruplaşmasının regiondakı yaraqlılara təsir risqi getdikcə yüksəlir: "Keçmiş "Əl-Qaidə"yə bağlı "Qafqaz Əmirliyi" qruplaşmasının liderləri "İslam Dövləti" qrupu ilə əlaqələrindən danışırlar. Bu qruplaşma 2007-ci ildən bəri regionda hücumlar həyata keçirib. Rusiyada iqtisadi böhran baş verdiyi bir vaxtda münaqişə yeni mərhələyə daxil ola bilər. Adətən zorakılığın səbəbləri dini, etnik və tarixi gərginlikdə axtarılır, ancaq səbəblər daha mürəkkəbdir". İŞİD-in hədəfi təkcə Qafqaz deyil. Belə ki, "USA Today" qəzeti yazır ki, İŞİD Əfqanıstan və Pakistanda terror qruplaşmaları yaratmaqla Hindistanda da müharibəni qızışdırmaq istəyir. Qəzetin iddiasına görə, İŞİD bununla dünyanın sonunu yaxınlaşdırmaq niyyətindədir:"Artıq Pakistandakı vətəndaşlardan 32 köhnə sənəd toplanıb. Bu sənədlərdə Əfqanıstandakı ABŞ ordusuna, Amerika diplomatlarına və Pakistan məmurlarına hücumların planları əks olunub. İŞİD-ə aid olan "İslam xilafətinin qısa tarixi, peyğəmbərin xəlifəliyi" sənədlərində həmçinin Əfqanıstan və Pakistanda taliblərin onlarla təşkilatının birləşdirilməsi nəzərdə tutulur. Bundan sonra Hindistana hücum edilməli və ABŞ-la dünyanın sonunu yaxınlaşdıran müharibə başladılmalıdır".
Tahir TAĞIYEV