Türkiyədə hər ötən gün vəziyyət gərginləşir. Türkiyənin regionda iki böyük təhlükə ilə üz-üzə gəlməsi və həm İŞİD-ə, həm də PKK-ya qarşı aktiv hərbi əməliyyatlara başlaması situasiyanı qəlizləşdirib. Türkiyə daxilindəki siyasi stabillik də ciddi təhdid altındadır. Artıq Türkiyənin bir sıra şəhərlərində İŞİD və PKK tərəfdarlarına qarşı antiterror əməliyyatı keçirilib.
Xatırladaq ki, bu günədək Türkiyədə aparılan antiterror əməliyyatlarında 1050 nəfərdən çox şəxs saxlanıb. Saxlananların hamısı İŞİD, PKK və İnqilabçı Xalq Azadlıq Partiyası Cəbhəsi (DHKP-C) ilə əlaqədə təqsirli bilinir.
Amma Türkiyənin iki cəbhədə apardığı müharibə Ankaranın müttəfiqlərinə də bir sıra təhlükələr yaradır. Bu sırada təbii ki, ilk növbədə Azərbaycan gəlir. Azərbaycana İŞİD təhlükəsinin olması ilə bağlı dəfələrlə xəbərdarlıqlar edilib. Türkiyə ətrafında baş verənlərin fonunda İŞİD-in Azərbaycana gəlişi mümkündürmü?
Sabiq təhlükəsizlik əməkdaşı, Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov qəzetimizə açıqlamasında bildirdi ki, İŞİD, İraqda və Suriyada olduğu kimi, Azərbaycanda sərbəst hərəkət edə bilməz: "Amma İŞİD-in tərkibində vuruşan azərbaycanlıların ölkəyə geri dönməsi və burada vəziyyəti qəlizləşdirə biləcəyilə bağlı
müxtəlif informasiyalar yayılır. Ancaq həmin terror təşkilatı üçün Azərbaycanda geniş fəaliyyət göstərmək mümkün olmayacaq. Biz MTN-in bu istiqamətdə uğurlarını görürük. Demək vəziyyət tam nəzarət altındadır. Azərbaycanlılardan İŞİD-ə kiminsə qoşulması heç də həmin terror təşkilatının burada güclü dayaqlarının olması anlamına gəlmir. Bir sözlə, burada onların fəaliyyəti üçün münbit zəmin yoxdur".