Ukrayna ilə yaşadığı problemin ardından təbii qazını Qara dənizin altından Türkiyə torpaqlarından keçəcək "Türk Axını” kəməri ilə Avropaya daşımağı planlaşdıran Rusiyanın Türkiyə ilə apardığı müzakirələr dayandırılıb.
Baki-xeber.com xəbər verir ki, "Reuters”ə danışan mənbələr Rusiyanın Türk Akımı ilə bağlı aparılan müzakirələrdə bir-birilə çox da əlaqəsi olmayan və mərhələli həyata keçiriləcək bir çox mövzu ilə də bağlı qərar verilməsinə çalışdığını bildirir.
Qaynaqlar "Qazprom”un Türkiyəyə verdiyi təbii qaz qiymətlərində endirimə dair müqaviləni imzalamamasının da əsas problemlərdən biri olduğunu iddia edir.
Rəsmilərdən biri "Türkiyə ilə Rusiya arasında davam etdirilən Türk Akımı layihəsinə dair danışıqlarda irəliləyiş olmadığı üçün müzakirələr dondurulub. Tərəflər arasında danışıqlar kəsilib, nə vaxt yenidən başlayacağını da demək indidən çox çətindir" – deyə bildirib.
Bundan əvvəl Rusiyanın energetika naziri Aleksandr Novak bildirib ki, "Türk axını” təbii qaz boru kəmərinin birinci xətt üzrə hökumətlərarası layihəsinin imzalanması gecikdiyi təqdirdə bu layihənin həyata keçirilməsi təxirə salına bilər.
Jurnalistlərin "Türk axını”nın gecikmə risqi ilə bağlı sualını cavablandıran rusiyalı nazir belə bir risqin olduğunu qeyd edib: "Əgər "Türk axını” birinci xətt üzrə hökumətlərarası layihəsinin imzalanmasında gecikmə olarsa, o zaman layihənin gerçəkləşdirilməsi müddətində də gecikmə risqi olacaq. Orada tikinti başlamayacaqsa, təbii ki, təxirə salınacaq”.