Fikrət Yusifov: “Zəngəzur dəhlizi yalnız yüklərin daşınması dəhlizi olmayacaq...”
ABŞ və Azərbaycan arasında Vaşinqtonda imzalanmış ikitərəfli saziş yalnız siyasi və strateji tərəfdaşlıq deyil, həm də enerji sahəsində yeni perspektivlər açıb. Bunu ABŞ-ın energetika naziri Kris Rayt bildirib.
“Azərbaycanın böyük enerji ehtiyatları var və hesab edirəm ki, Ermənistan və Azərbaycanı birləşdirə biləcək sərhədin cənubundakı dəhliz vasitəsilə ölkədən Avropaya daha çox təbii qaz çatdırmaq mümkündür. Bu, olduqca əhəmiyyətlidir. Azərbaycanın enerji resurslarının inkişafı və onların dünya bazarlarına, xüsusilə də Rusiyadan yan keçərək Avropa və Qərb bazarlarına çıxarılması ölkələrimiz arasında gələcək əməkdaşlıq üçün geniş imkanlar yaradır”, - nazir vurğulayıb.
Belə məlum olur ki, ABŞ perspektiv layihələrə təkcə siyasi dəstəklə kifayətlənməyəcək. Həm də bu layihələrə sərmayə yatıracaq. Ən başlıcası, ABŞ Zəngəzur üzərindən Avropaya qaz nəql edilməsinə xüsusi önəm verir. Bu, tamamilə yeni bir şeydir. O baxımdan bu necə ola bilər? Bu halda həm də Azərbaycanın Ermənistana qaz ixracı reallaşa bilər. Faktiki olaraq, burada Ermənistanın da faydası olacaq.
“Mərkəzi Asiya ölkələrinin enerji resursları, ilk növbədə Türkmənistan qazının dəhliz vasitəsilə Avropaya nəqli real layihələrdən biridir”
Sözügedən məsələyə aydınlıq gətirən sabiq maliyyə naziri, professor Fikrət Yusifov “Bakı-Xəbər”ə açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “Birləşmiş Ştatların Avrasiya siyasətində Xəzər hövzəsi, Cənubi Qafqaz regionu və bu regionun açar dövləti olan Azərbaycan xüsusi yer tutur. Bu səbəbdən Birləşmiş Ştatların bölgəyə sərgilədiyi münasibət indi meydana gəlmiş bir regonal maraq deyil. Bu, illərdir mövcuddur, amma Donald Trampın hakimiyyətə gəlməsindən sonra Azərbaycanla ABŞ arasında münasibətlər yeni mərhələsinə qədəm qoydu. Çox təəssüflər olsun ki, prezident Cozef Bayden hakimiyyəti dönəmində və xüsusilə onun hakimiyyətinin son illərində Azərbaycanla ABŞ arasında münasibətlər özünün ən pis dönəmini yaşadı. İndi bu münasibətlər strateji tərəfdaşlıq mərhələsinə yüksəlməkdədir. Yaxın zamanlarda iki ölkə arasında strateji tərəfdaşlığa dair sazişin imzalanacağı gözlənilir. Birləşmiş Ştataların yeni administrasiyasının təşəbbüsü ilə bu ilin avqust ayının 8-də Azərbaycanla Ermənistan arasında Vaşinqtonda sülh müqaviləsinin paraflanması, Zəngəzur dəhlizi üzərindən keçəcək yola nəzarətin ABŞ-a verilməsi kimi hadisələr dünyanın ən böyük gücü olan Birləşmiş Ştatların Cənubi Qafqazda əsas oyunçya çevrilməsi deməkdir. Zəngəzur dəhlizi yalnız yüklərin daşınması dəhlizi olmayacaq. Bu dəhliz üzərindən digər ciddi kommunikasiyaların keçməsi də gözləniləndir. Gələcəkdə Mərkəzi Asiya ölkələrinin enerji resurslarının, ilk növbədə isə Türkmənistan qazının dəhliz vasitəsilə Avropaya nəqli real layihələrdən biridir. Hesab edirəm ki, Birləşmiş Ştatlar bu layihəyə kifayət qədər yatırımlar etməkdən çəkinməyəcək. Çünki müasir dünyada böyük güclərin regional maraqları içərisində əsas yeri yollara nəzarət tutur. Əlbəttə ki, bundan Ermənistan da qazanacaq və Rusiyadan asılılığı azalacaq. Bu isə regionda davamlı və dayanıqlı stabilliyə töhfə verəcək”.
Vidadi ORDAHALLI