"Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yeni paylaşım edib.
Paylaşımda deyilir:
“BMT-nin 80-ci sessiyasında baş verənləri və Azərbaycan Prezidentinin bu məclisdə çıxışını təhlil edərək 2023-cü ilin Antiterror əməliyyatından sonra Azərbaycan diplomatiyasının əsasən hansı istiqamətlərə üstünlük verdiyini yəqinləşdirmək olur.
1. Dünya ölkələri ilə çoxtərəfli əməkdaşlıq imkanlarını nəzərdən qaçırmadan ikitərəfli əməkdaşlıqları daha da gücləndirmək. Dünya indi elə bir mərhələyə daxil olub ki, regional və qlobal beynəlxalq təşkilatların bir qismi təsir imkanlarını itirməkdədir, bir qismi hansısa dövlətin və ya dövlətlər qrupunun maraqlarına "əsir düşüb", başqa bir qismi isə ən yaxşı halda yeni cücərən təşkilatlar olduqları üçün hazırkı vəziyyəti zəif, gələcəyi isə qeyri-müəyyəndir. Belə şəraitdə Prezident İlham Əliyev ölkəmizin öz seçimlərinə uyğun olaraq ikitərəfli əməkdaşlıq formatlarını haqlı olaraq önə çəkməkdədir. Azərbaycanın bu əməkdaşlıq formatı üzrə fəaliyyətinin ucları Afrikaya da gedir, Latın Amerikasına da, Avropa və Asiyaya da gedir. Bunların hər biri üzrə konkret nümunələr göstərmək olar. Təkcə BMT çərçivəsində İlham Əliyevin Ruanda dövlət başçısı ilə görüşünü göstərmək kifayətdir.
2. Prezidentin özünün "İqtisadi diplomatiya" adlandırdığı istiqamət də öz mahiyyətinə görə, tək Azərbaycanın özünün müharibədən sonra yaratdığı regional reallıqlara uyğunluğu ilə seçilmir, həm də qlobal miqyaslı proseslərin də tələbinə uyğundur. 44 günlük müharibəyə qədər Azərbaycanın diplomatiyasının mahiyyəti bir qədər fərqli idi. Ölkə danışıqlar masalarında fəal iştirak etməklə yanaşı, hərbi gücünü də hər gün artıraraq əslində "kononyor diplomatiya" taktikasını işlədirdi. Yəni "mən müharibəyə hazırlaşıram" mesajı ilə ilk mərhələdə Ermənistanı danışıq masasında güzəştə məcbur etmək istəyirdi, ikinci mərhələdə isə məcburən birbaşa hərbi güc tətbiqinə əl atdı. İndi Azərbaycan hərbi gücünü artırmaqla bərabər bunu siyasi müstəvidə kiməsə təzyiq vasitəsi kimi qabartmır, əslində siyasi təzyiq göstərməli ölkə də yoxdur. İndi artırılan hərbi gücümüz ölkənin daha da gücləndirmək istədiyi iqtisadi potensialın etibarlı müdafiəsinə yönəldilir. Yəni bir tərəfdən dünyanın bütün qütblərindən ölkəyə iqtisadi rıçaqlar cəlb olunur, digər tərəfdən isə ölkənin artırılan hərbi gücü ilə iqtisadiyyatın çox etibarlı müdafiə olunacağı barədə aydın mesajlar verilir. Eyni zamanda, artırılan iqtisadi güc hərbi gücün yenidən artırılmasının maliyyə mənbələrindən birinə çevrilir. Bakıda keçirilmiş Birinci Beynəlxalq İnvestisiya Forumu, ABŞ-da Prezidentin dünyanın ən nəhəng şirkətləri ilə anlaşmaları "iqtisadi diplomatiyanın" geosiyasi reallıqlara uyğun üsulları kimi nəzərdən keçirilə bilər...
Hər iki üsul - ikitərəfli əməkdaşlıq formatı və iqtisadi diplomatiya yeni dünya düzəninin yaranmağa başladığı indiki şəraitdə Azərbaycanın iqtisadi, siyasi, təhlükəsizlik və əməkdaşllq maraqlarına ən optimal şəkildə cavab verən taktikanın iki tərəfidir...
Sürətlə dəyişən geosiyasi reallıqların diplomatiyamızın yeni formalarını önə çıxaracağı istisna deyil”.
Tahir TAĞIYEV