Samir Hümbətov: “...Beynəlxalq ictimaiyyəti manipulyasiya etməyə çalışır”
Rusiya prezidenti Putin Çinə dörd günlük səfərindən sonra verdiyi açıqlamada Ukrayna prezidenti Zelenskinin danışıqlar üçün Moskvaya səfər edə biləcəyini açıqlayıb.
“Donald (Tramp) mümkünsə belə bir görüş keçirməyimi xahiş etdi. Zelenski Moskvaya gəlməyə hazır olsa, bu görüş baş tutacaq" deyə Putin bildirib.
Xatırladaq ki, Zelenski daha əvvəl Putinlə Moskvada görüş təklifini rədd edərək, danışıqların İsveçrə, Avstriya və ya Türkiyə kimi neytral Avropa ölkəsində keçirilməli olduğunu bildirmişdi.
Putin Zelenskinin Moskvaya gəlməyəcəyini bildiyi halda onu Moskvaya dəvət etməklə, əslində danışıq aparmaq istəmədiyini nümayiş etdirmir?
“Bu imitasiya xarakteri daşıyır və nəticəsi də əvvəlcədən məlumdur”
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov “Bakı-Xəbər”ə bildirdi ki, bu, Putinin beynəlxalq ictimaiyyəti manipulyasiya etməsi cəhdidir: “Əlbəttə, Putin Zelenskini Moskvaya çağırmaqla sadəcə beynəlxalq ictimaiyyəti manipulyasiya etməyə çalışır. Çünki o bilir ki, Zelenski ora getməyəcək”.
S.Hümbətovun sözlərinə görə, Rusiya prezidenti yaxşı bilir ki, Uktayna prezidentinin onun dəvətini qəbul etməsi mümkünsüzdür. “Ən azı ona görə ki, Zelenski Rusiya tərəfindən işğala məruz qalan bir dövlətin prezidentidir, onun ora getməsi artıq Ukraynanın məğlubiyyəti qəbul etməsi anlamına gəlir. İşğal etdiyin ölkənin prezidentini necə öz ölkənə çağıra bilərsən ki, gəl burda danışaq? Yəni bu absurd bir məsələdir. Putin bunu deməklə beynəlxalq ictimaiyyətə göstərmək istəyir ki, baxın, mən çağırdım, Zelenski gəlmədi. Yəni bir növ günahı öz üzərindən atmağa çalışır. Düşünmürəm ki, belə bir addın atılacaq, Zelenski ora gedəcək. Əksinə, artıq Ukrayna tərəfindən açıqlama verildi ki, Zelenskinin ora getməsi mümkünsüzdür”.
S.Hümbətovun fikrincə, Putinlə Zelenski başqa ölkələrdə görüşə bilərlər, başqa coğrafiyada bir araya gəlib danışıq apara bilərlər, amma ora da Putin getməyəcək. “Putin özünü postsovet məkanının “ağsaqqalı” kimi göstərməyə çalışır, yəni mən nə deyirəmsə o olmalıdır. Görür ki, Ukrayna onunla razılaşmır. Təbii ki, haqlı olaraq razılaşmır. Çünki ərazisinin təxminən 20 faizə yaxını Rusiyanın işğalı altına düşüb.
Düşünürəm ki, bu cür hərəkətlər sülhə xidmət etmir, bu imitasiyadır, imitasiya xarakteri daşıyır və nəticəsi də əvvəlcədən məlumdur”-deyə S.Hümbətov qeyd etdi.
İradə SARIYEVA