Bəhruz Quliyev: “Bu, əslində uzun illərdən bəri gizlədilən bir həqiqətin açıq şəkildə ifadəsidir”
Biz sərt reallıqla üzləşdik, Ermənistanın müstəqliyi və suverenliyinin qorunub saxlanılması üçün “artsax”dan qurtulmaq lazım idi. Bunu Qarabağdakı keçmiş qondarma rejimin özünü buraxan “prezidenti” Samvel Şahramanyan deyib.
O, artıq vəziyyəti anladığını və hər şeyin məcburiyyətdən irəli gəldiyini bildirib: “Biz anidən sərt reallıqla üz-üzə qaldıq. Ümumiyyətlə, “artsax” sanki Ermənistanın boynunda ilgək idi. Yəni ölkənin müstəqilliyi və suverenliyinin qorunması üçün ondan qurtulmaq zərurəti yaranmışdı”.
İlk dəfədir ki, separatçıların dilindən belə gözlənilməz etiraf səslənir. Yəni Qarabağda illərlə mövcud olan separatizm Ermənistan üçün ağır bir yük idi, bu ölkənin inkişafını tormozlayırdı.
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyev hesab edir ki, bu, uzun illərdən bəri gizlədilən bir həqiqətin açıq şəkildə ifadəsidir: “Hesab edirəm ki, Ermənistanın siyasi elitasının və keçmiş separatçıların dilindən bu cür etirafların səslənməsi təsadüfi deyil. Samvel Şahramanyanın “artsax”ı ölkənin müstəqilliyi və suverenliyi üçün “ilğək” adlandırması əslində uzun illərdən bəri gizlədilən bir həqiqətin açıq şəkildə ifadəsidir. İndiyədək ilk dəfədir separatçıların öz dili ilə bu reallıq təsdiqlənir. Yəni ki, Qarabağdakı qondarma rejim Ermənistanın inkişafına, dövlətçiliyinə, beynəlxalq münasibətlərinə ciddi maneə idi. “Artsax” adı altında qurulan qondarma struktur təkcə Azərbaycanın ərazi bütövlüyünə deyil, həm də Ermənistanın gələcəyinə qarşı qurulmuş siyasi tələyə çevrilmişdi. Azərbaycanın 2020-ci ildəki qələbəsindən sonra və həyata keçirdiyi uğurlu siyasət, ordumuzun gücü, diplomatik fəaliyyət və ən əsası qanunun aliliyinin bərpası separatçıların iflasını qaçılmaz etdi. Bu gün artıq onların bir çoxu Azərbaycan qanunvericiliyinə uyğun olaraq məhkəmə qarşısında cavab verir. Məhz bu hüquqi və siyasi reallıq Ermənistan daxilində də “illüziyalardan ayılma” prosesini sürətləndirib. Əslində, Ermənistan rəhbərliyi və cəmiyyətinin gec də olsa başa düşməsi vacib idi ki, işğal siyasəti və separatizm onları heç bir uğura aparmır. Əksinə, ölkəni iqtisadi, siyasi və mənəvi cəhətdən iflasa sürükləyir. Düşünürəm ki, Şahramanyanın etirafı bir yandan özünün gələcəyini sığortalamasıdır. Digər tərəfdən isə bir daha göstərir ki, Ermənistanın dövlət müstəqilliyini və suverenliyini qorumağın yeganə yolu qonşularla, xüsusilə Azərbaycanla normal münasibətlər qurmaqdan keçir. Azərbaycan isə öz mövqeyində ardıcıl və prinsipialdır. Regionda yalnız beynəlxalq hüququn tanıdığı sərhədlər çərçivəsində sülh və əməkdaşlıq mümkündür”.
Vidadi ORDAHALLI