Arzuxan Əlizadə: “Bu, Aİ missiyasının həyasızlığının əyani göstəricisidir”
Avropa İttifaqı (Aİ) mandatına uyğun olaraq Ermənistanda müşahidə missiyasını davam etdirəcək, hazırda heç bir dəyişikliyə ehtiyac yoxdur. Bunu Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqos bildirib.
O, İrəvanla Bakının sülh sazişini paraflamasından sonra sərhəddə üçüncü qüvvələrin geri çəkilməsinə dair sualı belə cavablandırıb: “Missiya fəaliyyətini davam etdirir. Hər hansı dəyişikliyə ehtiyac yaranarsa, bunu üzv dövlətlərimizlə və əlbəttə, Ermənistan hakimiyyəti ilə müzakirə edəcəyik. Ancaq indiki mərhələdə erməni ictimaiyyətini əmin etmək istəyirəm ki, Avropa İttifaqının missiyası mandatına uyğun fəaliyyətini davam etdirəcək”.
Saziş Vaşinqtonda paraflanandan sonra hər hansı müzakirə aparılıbmı? Bu sualı cavablandıran Maraqos deyib ki, Aİ missiyası Ermənistan hakimiyyətinin dəvəti ilə ölkədədir və gərəkdiyi müddətdə burada qalacaq: “Bu, sülh və tənzimləmə vasitəsidir. Onu tam dəstəkləyirik”.
Məlumat üçün qeyd edək ki, Aİ missiyası Ermənistana 2023-cü ilin fevralında gəlib. Bu ilin yanvarında missiyanın Ermənistanın sərhəd bölgələrində daha iki il -2027-ci il fevralın 19-dək qalmasına qərar verilib.
Bu missiyanın nəyi “sülh və tənzimləmə vasitəsidir”? Bu gün-sabah sülh sazişi imzalanacaq, bunlar niyə rədd olmaq istəmir?
“Fransanın təşəbbüsü ilə yaradılan sözügedən missiya regionda kəşfiyyat məlumatları əldə etməklə məşğuldur”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP sədri, millət vəkili Arzuxan Əlizadə hesab edir ki, bu, Aİ missiyasının həyasızlığının əyani göstəricisidir: “Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam təmin edib. Nə müddətdir Azərbaycan-Ermənistan sərhədində atəşkəs pozulmur, hansısa xoşagəlməz insident yaşanmır. İki ölkə arasında sərhədlər delimitasiya edilir, bununla bağlı komissiyaların görüşü keçirilir. Avqustun 8-də Azərbaycan və Ermənistan dövlət başçıları Vaşinqtonda sülh sazişinin 17 bəndini paraflayıblar. Vaşinqton görüşündə əldə edilən razılaşma əksər beynəlxalq təşkilatlar, dövlətlər tərəfindən alqışlanıb. O cümlədən, Aİ rəsmiləri tərəfindən. Belə olan halda Aİ müşahidə missiyasının mövcudluğuna nə ehtiyac var? Onsuz da tərəflər sülh sazişini imzalamağa çox yaxındır. Əgər Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiası çıxarılsaydı, elə Vaşinqtonda sülh sazişi imzalanardı. Bunu Prezident İlham Əliyev telekanallara müsahibəsində açıq şəkildə bildirdi. Deməyim odur ki, nə o zaman, nə də indi Aİ missiyasının mövcudluğuna heç bir zərurət yox idi. Gözlənilən o idi ki, Vaşinqton görüşündən sonra Aİ missiyası Ermənistanda fəaliyyətini dayandıracaq. Ancaq biz tam olaraq bunun əksini müşahidə edirik. Bütün bunlar bir daha sübut edir ki, Aİ müşahidə missiyası casusluq fəaliyyətini davam etdirmək istəyir. Çünki bilavasitə Fransanın təşəbbüsü ilə yaradılan sözügedən missiya regionda kəşfiyyat məlumatları əldə etməklə məşğuldur. Əgər Azərbaycanın razılığı olmadan missiya fəaliyyətini nümayişkaranə şəkildə davam etdirirsə, deməli məqsəd pozuculuqdur”.
Vidadi ORDAHALLI