Rusiyada daha bir müəmmalı ölüm - Putinin bu gün səhər işdən çıxardığı nazir Starovoyt evində ölü tapıldı...

Bu gün Putinin vəzifəsindən uzaqlaşdırdığı nəqliyyat naziri Roman Starovoyt intihar edib. Ren TV xəbər verir ki, Starovoyt Moskva vilayətinin Odintsovo şəhərindəki evində ölü tapılıb.
“Kommersant”ın əldə etdiyi məlumata görə, Starovoytun bədənində güllə yaraları aşkar edilib. Eyni xəbərə görə, Kursk vilayətinin keçmiş qubernatoru Aleksey Smirnov Starovoytun əleyhinə ifadə verib. Smirnov aprel ayında Ukrayna sərhədində müdafiə strukturlarının tikintisinə ayrılmış ən azı 1 milyard rubl dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı iş üzrə həbs edilib.
2018-ci ildə Kursk vilayətinin qubernatoru təyin edilən Roman Starovoytu bu vəzifədə əvvəllər onun birinci müavini və vilayət hökumətinin başçısı olmuş Aleksey Smirnov əvəzləyib. Lakin Smirnov 2024-cü ilin dekabrında Ukrayna ordusunun başlatdığı hücumlardan sonra tutduğu vəzifədən istefa verib. 2025-ci ilin aprelində o, Kursk vilayətində müdafiə strukturlarının tikintisinə ayrılmış büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı cinayət işi ilə bağlı saxlanılıb. Starovoyt isə 2024-cü ildə nəqliyyat naziri təyin olunub.
RBC mənbələrinə görə, Smirnovun həbsi ilə bağlı proses gec-tez Starovoyta təsir edəcəkdi.
Nəqliyyat naziri olana qədər Kursk qubernatoru vəzifəsində çalışmış Starovoytun 53 yaşı var idi.
Kremlin sözçüsü Dmitri Peskov bu gün səhər nəqliyyat nazirliyindəki dəyişikliklərlə bağlı jurnalistlərə açıqlamasında deyib ki, Roman Starovoytun işdən çıxarılması “etimadın itirilməsi” ilə əlaqələndirilməməlidir.
TAHİR