Məcid Cavad Araz: "ABŞ danışıqlar masasında İranın qarşısına təslim şərtləri qoyur, yəni masa əslində müzakirə deyil, təslim masasıdır"
Yaxın Şərqdə hadisələr getdikcə dramarikləşir. Həm İranda, həm də İsraildə hökumət "casus ovuna" çıxıb. Hətta Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossun casus kimi İranda həbs oluna biləcəyi barədə bəyanatlar var.
İran-AEBA əməkdaşlığı isə sona çatdı. Nə gözlənilir, ABŞ və İsrail yenidən iddia edir ki, rəsmi Tehran nüvə fəaliyyətinə başlayıb, onu yenidən vura bilərlərmi?
Baki-xeber.com-a açıqlamasında məsələ ilə bağlı siyasi şərhçi Məcid Cavad Araz bildirdi ki, hər halda, bütün ekspertlərin fikrincə, İranda nüvə obyektləri tamamilə sıradan çıxarılmayıb: "Bəziləri deyir ki, nüvə mərkəzlərı çox ciddi zərbələr alıb. İran rəsmilərinə görə isə, zərbələr çox da böyük deyil, məhduddur. Hər halda, İranın nüvə obyektlərinin zərbə aldığı dəqiqdir, amma tamamən yox edildiyi barədə dəqiq qənaət mövcud deyil. İran da bəyan edib ki, AEBA ilə əməkdaşlığını dayandıracaq və nüvənin zənginləşdirilməsinə davam edəcək. Amerika və İsrail isə bildirir ki, İran nüvə proqramının dayandırılması barədə bir razılığa gəlməlidir, beynəlxalq sənəd imzalamalıdır. İranın nüvə proqramını davam etdirməsi ilə nəinki region, heç bir dünya ölkəsi razı deyil. Hətta İsrailin və Amerikanın hücumunu pisləyən Türkiyə də deyib ki, rəsmi Tehran danışıqlar masasına qayıtmalıdır, məsələ yalnız danışıqlar yolu ilə həllini tapa bilər. Amma ABŞ danışıqlar masasında İranın qarşısına təslim şərtləri qoyur, yəni masa əslində müzakirə deyil, təslim masasıdır. İran isə belə təslimçi planı qəbul etməyəcəyini bəyan edib. Ona görə də, bir çox ekspertlərin fikrincə, müharibənin yenidən başlanması ehtimalı çox yüksəkdir. Hər iki tərəfin müharibəyə hazırlaşdığı faktı da ortadadır".
Akif NƏSİRLİ