Tural İsmayılov: “Bir tərəfdə “qayıdışa dəstək” deyilir, digər tərəfdə “qayıdışa qarşı çıxış” - bu, İranın səmimi olmadığının bariz göstəricisidir”
Bu günlərdə İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirlərinin 51-ci konfransında Qərbi Azərbaycana qayıdışla bağlı “Hazırkı Ermənistan ərazilərindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ” adlı qətnamə qəbul olunub.
İranın xarici işlər naziri Abbas Əraqçı da İstanbulda keçirilən İƏT-in 51-ci konfransında iştirak edib və Qərbi Azərbaycana qayıdış haqda qərarı dəstəkləyib. Ancaq İranın Ermənistandakı səfiri Mehdi Sobhanı bu qətnaməyə qarşı gedir, onun əleyhinə çıxır. M.Sobhaninin bu mövqeyini necə başa düşmək olar?
“Belə davranışlar göstərir ki, Tehran sadəcə ikili oynamaqla məşğuldur…”
Politoloq Tural İsmayılov “Bakı-Xəbər”ə bildirdi ki, bu, qonşu ölkənin ikiüzlü oyununun göstəricisidir: “Bu, İranın klassik “ikitərəfli siyasəti”nin növbəti nümunəsidir. Beynəlxalq tribunada-İƏT-də guya Qərbi Azərbaycana qayıdışı dəstəkləyən İran İrəvanda yerləşən səfirinin dili ilə tam tərsinə danışır. Bu nə deməkdir? İranın xarici siyasətində vahid mövqe yoxdurmu, yoxsa bu, bilərəkdən oynanılan “ikiüzlü oyun”dur?
İran XİN İstanbulda qətnaməni dəstəkləyir, amma səfir Sobhani gedib bu mövqeni açıq şəkildə təhrif edir, Azərbaycanın legitim hüququna qarşı çıxır. Bu, nəinki diplomatik ədəb qaydalarının, həm də ciddiyyətin pozulmasıdır. Bir tərəfdə “qayıdışa dəstək” deyilir, digər tərəfdə “qayıdışa qarşı çıxış” – bu, İranın səmimi olmadığının bariz göstəricisidir.
Belə davranışlar göstərir ki, Tehran sadəcə ikili oynamaqla məşğuldur: bir gözünü Bakıya, digərini İrəvana dikib, hansı sərfəlidirsə, oraya meyl edir. Amma belə siyasət uzunmüddətli deyil”.
İradə SARIYEVA