ABŞ rəsmisi xəbərdarlıq etdi - Ukraynanın rus aerodromlarına hücumları eskalasiya risqini xeyli artırdı

ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloqq xəbərdarlıq edib ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiya hava bazalarına hücumları eskalasiya risqini xeyli artırıb.
"Risq səviyyəsi kəskin şəkildə artdı - xüsusən də bu həftə sonu baş verənlərdən sonra" – deyə Kelloqq Fox News-a açıqlamasında bildirib.
Kelloqq vurğuladı ki, milli təhlükəsizlik sahəsində çalışanlar başa düşməlidirlər ki, düşmənin həyatda qalma sisteminin bir hissəsini – yəni nüvə üçlüyü sisteminin bir hissəsini hədəf alırsınzsa, risq səviyyəniz avtomatik olaraq yüksəlir, çünki qarşı tərəfin necə cavab verəcəyini bilmirsiniz.
Kelloqqun açıqlaması həmçinin, Qərb rəsmilərinin Ukraynanın Rusiyanın dərinliklərindəki strateji hədəflərə hücumları ilə bağlı narahatlığını ortaya qoyur.
Qeyd edək ki, Ukrayna iyunun 1-də Rusiyanın Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərindəki hərbi aerodromlarına pilotsuz uçuş aparatları (PUA) ilə eyni vaxtda zərbələr endirib. Yayılan görüntülərdə aralarında Tu-95 nüvə silahı daşıya bilən bombardmançı təyyarələrin də olduğu çox sayda döyüş təyyarəsi sıradan çıxarılıb.
Moskvanın hücumlara necə cavab verəcəyi hələlik qeyri-müəyyəndir. Ancaq Rusiyanın strateji nüvə imkanlarına daxil olan hava bazalarına hücumlar müharibənin gedişatını dəyişə biləcək bir dönüş nöqtəsi ola biləcəyi ilə bağlı narahatlıqları artırır. Digər tərəfdən, müharibənin nəzarətdən çıxması ehtimalı getdikcə beynəlxalq ictimaiyyətdə daha çox narahatlıq doğurmağa başlayıb.
TAHİR