Əli Mustafa: “Rusiyanın Ukrayna ilə müharibəni dayandırmaq fikri yoxdur”
ABŞ Prezidenti Donald Tramp amerikalı qanunvericilərdən Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı qanun layihəsinə baxılmasını təxirə salmağı xahiş edib. Bunu Senatın Xarici Əlaqələr Komitəsinin sədri Rocer Uiker deyib.
Söhbət Rusiyadan neft və digər faydalı qazıntılar alan ölkələrə 500 faizlik rüsumların tətbiqini təklif edən qanun layihəsindən gedir. Uikerə görə, qanun layihəsi 100 senatorun böyük əksəriyyətinin dəstəyinə malikdir və onun yuxarı palatadan keçməsinə faktiki olaraq zəmanət verir. Bundan əvvəl ABŞ senatoru Riçard Blumental bildirmişdi ki, Ağ Ev Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirlərin tətbiqinin məqsədəuyğunluğuna hələ də şübhə edir. O, bu mövqeyi qətiyyətsiz adlandırıb.
Rusiya onsuz da Ukrayna məsələsində güzəştə getmir. ABŞ-ın hələ də sanksiyalar məsələsində gözləmə mövqeyindən çıxış etməsi məgər nəyisə dəyişəcək? Nədir Birləşmiş Ştatlar siyasətində bu qeyri-müəyyənlik?
“ABŞ-da Senatın, Konqresin Trampla razılaşdırılmış şəkildə hərəkət etdiyini görürük”
Sözügedən məsələyə aydınlıq gətirən siyasi şərhçi Əli Mustafa “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, baş verənlər Birləşmiş Ştatların siyasətində qeyri-müəyyənlik deyil: “Bu, Trampın taktikası hesab oluna bilər və yaxud yeni administrasiyanın strategiyası hesab oluna bilər. Ola bilsin, hələlik Rusiya ilə aranı tam açmaq istəmirlər. Mümkündür ki, ABŞ-Rusiya əməkdaşlığına son qoymaq istəmir. Qapını açıq saxlayırlar ki, bəlkə Putini yola gətirə bilsinlər. Bununla Rusiya-Çin əməkdaşlığını əngəlləyə biləcəkləri ilə bağlı hələ də ümidlər var. Ancaq bu kimi gözləntilər boşunadır. Çünki Rusiyanın Ukrayna ilə müharibəni dayandırmaq fikri yoxdur. Nəinki fikri yoxdur, heç bunun əlamətləri belə görünmür. Ona görə də müharibə ən azı payıza qədər davam edəcək. Çünki Rusiya növbəti hücuma hazırlaşır. Yay fəsli buna əlverişli zəmin yaradır. Bəlkə o zaman ABŞ Rusiyaya qarşı daha sərt addımlar atsın. Ümumiyyətlə, ABŞ-dakı siyasi vəziyyətə nəzər yetirsək, orada Senatın, Konqresin Trampla razılaşdırılmış şəkildə hərəkət etdiyini görürük. Ancaq mümkündür ki, Rusiyanın atacağı addımlar bu ab-havanı dəyişsin. Yəni əvvəl-axır Tramp bu maneələri aradan qaldırsın. Hər halda görünən budur. Düzdür, başqa məsələlər də var. Bütün hallarda Trampın məqsədi qlobalistlərə qarşı savaşında Rusiyanı qarşısına almamaq, əksinə, Moskva ilə hansısa məsələləri koordinasiya etməkdir. Hətta bəzən ABŞ-ın “ikinci SSRİ” planı barədə də danışılır. Düzdür, bu ciddi qəbul edilmir, amma ABŞ-ın Avropanı daha ciddi nəzarətdə saxlamaq üçün Rusiyadan bir vasitə kimi istifadə etmək barədə fikirləri var. Ancaq istənilən halda ABŞ-la Rusiya arasında münasibətləri aydınlaşdırmaq lazım gələcək. Konkret olaraq bu ölkələrin bir-birindən istədikləri, onların maraqlarının kəsişdiyi və yaxud da uzlaşdığı xəttin müəyyənləşməsi zərurəti yaranacaq”.
Vidadi ORDAHALLI