NATO Rusiyaya qarşı hava hücumundan müdafiəni beş qat artırır...

NATO üzv ölkələr qarşısında Rusiyadan gələn təhdidlərə qarşı yerüstü hava hücumundan müdafiə (HHM) qüvvələrini 5 dəfə artırmaq öhdəliyi qoyur. Bu plan iyunun 5-də Brüsseldə keçiriləcək NATO müdafiə nazirlərinin toplantısında müzakirə olunacaq.
“Bloomberg” mənbələri hava hücumundan müdafiə imkanlarının genişləndirilməsinin bütün Avropa dövlətlər üçün əsas hədəf olacağını, hər bir ölkə üçün fərdi öhdəliklərin isə daha sonra müəyyən ediləcəyini bildirib.
Qeyd edilir ki, planların icra müddəti hələ müəyyən edilməyib. Avropanın yüksək rütbəli hərbi rəsmisi bildirib ki, NATO son 30 ildə Yaxın Şərq və Şimali Afrikadakı təhdidlərə diqqət yetirmək üçün hava hücumundan müdafiə sistemlərinin sayını azaldıb, lakin Ukraynada müharibə başlayandan sonra bu siyasət dəyişib.
Məlumata görə, Almaniya Avropa İttifaqının birgə hava hücumundan müdafiə layihələrində aparıcı rol almağı təklif edib. Almaniya kansleri Fridrix Merz müdafiə xərclərini artırmaqda və hava hücumundan müdafiəni gücləndirmək üçün bu sahəyə milyarlarla avro qoymaqda qərarlıdır.
NATO rəsmiləri bildirir ki, HHM sistemləri alyansın müdafiə qabiliyyətinin artırılmasında mərkəzi rol oynayır və ən bahalı müdafiə investisiyalarından biridir.
TAHİR