Türkiyənin 10 media orqanının Ermənistandakı nümayəndələri üçün mediatur xərcləri açıqlanıb. Xərclər barədə məlumatı Ermənistanın baş nazirinin ofisi “İnformasiya Azadlığı Mərkəzi” ictimai təşkilatına verib. Beləliklə, nəqliyyat, yaşayış və yemək xərclərinin ümumi dəyəri 7,5 milyon dramdan (təxminən 18,8 min dollar) çox olub. Bunun 2 milyondan bir az çoxu Türkiyədən və geriyə uçuşa, 260 min dramı Ermənistanın özündə nəqliyyat xərclərinə, 2,3 milyon dramı yaşayışa, 1,8 milyonu yeməyə, 1 milyondan bir az çoxu isə ekspert müzakirəsinin təşkili üçün otel zalı və avadanlıqların icarəsinə xərclənib.
Qeyd olunur ki, türkiyəli jurnalistlər heç bir səyahət və ya digər ödənişlər almayıblar. Xatırladaq ki, Türkiyədən bir qrup jurnalist Ermənistan tərəfinin dəvəti ilə ötən həftə Ermənistana gəlib. Onlar baş nazir Nikol Paşinyandan müsahibə götürüblər.
Surxay Əliyev