Xarici işlər naziri Ceyhun Bayramov BMT-nin baş katibi Antonio Quterreşə ünvanladığı məktubda qeyd edib ki, Ermənistan tabeliyində olan qanunsuz rejim vasitəsilə Qarabağın erməni sakinlərinin hərəkətinə məhdudiyyət qoyub və onları ilkin icazə olmadan sərhəd-buraxılış məntəqəsindən istifadə imkanından faktiki olaraq məhrum edib:
“Ermənistan Laçın sərhəd-buraxılış məntəqəsinin işinin tam şəkildə bərpasına mane olur. Azərbaycanın Rusiya sülhməramlı kontingentinin vasitəçiliyi ilə danışıqlara dair ardıcıl çağırışlarına baxmayaraq, Ermənistan insidentlərin təkrarlanmayacağına dair təminat verməkdən imtina etməklə yanaşı, həm də Laçın sərhəd-buraxılış məntəqəsinin işinin tam bərpasına mane olur. İnsanların, yüklərin və xidmətlərin fasiləsiz transsərhəd keçidini təmin etmək üçün Azərbaycanın Ermənistana sərhəd və gömrük orqanları vasitəsilə əməkdaşlığa dair ardıcıl çağırışları da cavabsız qalıb”.
Görünən odur ki, Ermənistan və separatçılar Laçın yolundan istifadə edən mülki ermənilərin hərkətini məhdudlaşdırır, onları qorxudur və şantaj edir. İndiki dövrdə Ermənistanın mülki ermənilərlə bağlı bu təxribatları əsasən nəyə hesablanıb?
“Paşinyan və havadarları bölgədə geosiyasi reallıqların dəyişə biləcəyi ilə bağlı ümidlərindən imtina etməyiblər”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Elşən Manafov bununla bağlı bir sıra məqamlara toxundu: “Rəsmi Bakının Qarabağdakı erməni icmasının Azərbaycan cəmiyyətinə reinteqrasiyası istiqamətində apardığı ardıcıl və məqsədyönlü siyasət əvəlləl-axır öz müsbət nəticəsini verəcək. Ermənistanda müəyyən revanşist qüvvələr buna nə qədər mane olsalar da, son nəticədə məğlub olacaqlar. Qarabağdakı etnik ermənilər dövlətimizə inteqrasiya olacaq. Yəni bu siyasət Qarabağdakı erməni icmasının dövlətimizə etimad etməsinə gətirib çıxara bilər. Bu isə nə separatçı rejimin, nə də Ermənistan iqtidarının maraqlarına cavab verir. Çünki bu halda separatçı rejim erməni icmasının timsalında sosial dayaqlarından məhrum olur. Qarabağdakı erməni icmasından Azərbaycan dövlətçiliyinə təhdid və təşviq konteksində istifadə edən rəsmi İrəvan və beynəlxalq güclər isə istinad mənbələrinin itirilməsindən narahatdılar. Məhz buna görə də Ermənistan hakimiyyəti onun təsir dairəsində olan separatçı rejim vasitəsilə erməni icmasını öz korporativ məqsədləri naminə girovluqda saxlayır. Onun reinteqrasiya cəhdlərinin qarşısını zorakılıq, təbligat və təcridetmə üsullarına müraciət edərək almağa çalışır. Bu səpkili siyasətin həyata keçirilməsi zamanı bir sıra vəzifələrin həyata keçirilməsinə cəhd edən Ermənistan hakimiyyəti ilk növbədə danışıqları uzatmağa çalışır. Həm təxribatlar törədərək 10 noyabr 2020-ci ildə öhdəliklərini yerinə yetirməkdən yayınırlar, həm də yalan təbliğat kampaniyası ilə beynəlxalq ictimai rəyi çaşdırmağa cəhd edirlər. Bu isə Ermənistan hakimiyyətinin Qarabağın Azərbaycana məxsusluğu ilə bağlı mövqeyində ikili standartların mövcudluğunu göstərir. Görünür, Paşinyan və havadarları bölgədə geosiyasi reallıqların dəyişə biləcəyi ilə bağlı ümidlərindən imtina etməyiblər. Mirzə Cəlilin təbirincə desək, "bəlkə də qaytardilar" ümidi ilə yaşamaqda davam edirlər. Əlbəttə, bütün ümidlər Ukraynada Rusiya və Qərb arasında yaşanan hərbi, geosiyasi qarşıdurmanın nəticələrinə bağlanıb. Halbuki, Ermənistan hakimiyyəti ilin sonuna qədər sağlam addım atsa, bu onların xeyrinə olacaq. Əks təqdirdə daha ağır nəticələrlə üzləşə bilərlər. Çünki alternativ yol da var. Hərçənd, uzun muddət beynəlxalq güclər belə bir yolun olmadığı fikrini israrla Azərbaycanın nəzər-diqqətinə çatdırırdılar. Biz isə Ermənistan və ona havadarlıq edən dairələrin diqqətinə çatdırdıq ki, belə davam etməyəcək. Bu yol dəmir yumruq siyasətinin həyata keçirilməsi nəticəsində bölgədə yaranmış yeni geosiyasi reallıqlar, dövlətin itirilmiş ərazilər üzərində suveren hüquqlarının bərpası yolu oldu”.
Vidadi ORDAHALLI