İyirmi gündən çoxdur ki, Qarabağda faydalı qazıntı yataqlarının erməni separatçıları tərəfindən qanunsuz istismarına qarşı azərbaycanlı vətəndaş fəallarının Xankəndi-Laçın yolunda etiraz aksiyası davam edir. Aksiya tamamilə dinc xarakter daşıyır - heç bir təcavüz, təxribat, təhdid yoxdur.
Baxmayaraq ki, Ermənistanın separatçıları və rəsmiləri azərbaycanlıları dünyada nüfuzdan salmaq üçün hansısa mənasız blokadadan danışırlar. Hətta bir az da irəli gedərək, bölgədəki rus sülhməramlılarına qarşı aktiv anti-təbliğat aparırlar. Onları işlərinin öhdəsindən gələ bilməyənlər kimi təqdim edirlər.
Bir neçə gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki,
Qarabağda atəşkəs rejiminin pozulması sülhməramlıların fəaliyyəti ilə bağlı bir sıra suallar doğurur:
"Rusiyanın Qarabağdakı sülhməramlı əməliyyatının təfərrüatlarına aydınlıq gətirmək mütləqdir. Mən dəfələrlə demişəm ki, Rusiya sülhməramlılarının Qarabağda olması və fəaliyyəti ermənilərin təhlükəsizliyinin əsas amilləridir. Biz Rusiya Federasiyasının regionumuzda sülh və sabitliyin təmin edilməsi üçün göstərdiyi səyləri yüksək qiymətləndiririk. Amma bu gün vəziyyət dəyişib. Onlar regiondakı hadisələrə göz yumurlar”. Göründüyü kimi, Paşinyan hökuməti və dünyadakı ermənilər tam gücləri ilə sülhməramlıların yarıtmazlığı barədə dünya boyu təbliğat aparır. Rusiya bununla bağlı niyə belə təmkinli davranır?
Hərbi-siyasi ekspert Emin Həsənli “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistanın yaranması bir proje dövləti olub, ən çox da ona Rusiya dəstək olub: “İlk öncə çar Rusiyası, sonra bolşevik Rusiyası Azərbaycan ərazilərində Ermənistan dövləti yaradıblar, erməniləri bura köçürdüblər. Türkmənçay müqaviləsindən sonra 1918-ci ilin 29 mayında da 9000 kv km ərazi verib, daha sonra Azərbaycan işğal edildikdən sonra 20.8 kv km ərazi də təkrar Ermənistana verilib sovet rəhbərliyi tərəfindən. 1988-ci ildən başlayan prosesə də Sovet Rusiyası dəstək verib. 1948 – 53-cü illərdə azərbaycanlılar Ermənistandan köçürülüb. Bütün bunlar onu göstərir ki, ermənilər həm Rusiyanın, həm Qərbin, eyni zamanda da İranın dəstəyini alıblar. Sülhməramlılar bölgəyə gələndə ən böyük dəstəyi ermənilərə göstərdi. Qarabağdan qaçıb getmiş erməniləri avtobusla bir neçə ayın içində yığıb Qarabağa qaytarıb, onlara hər cür humanitar yardım göstərdilər. Ermənilər zaman-zaman, vaxtında osmanlıya dırnaqarası sədaqətli millət olub xəyanət etdiyi kimi, indi də Rusiyaya qarşı bu prosesi həyata keçirirlər. Ermənilərlə heç vaxt davamlı yol getmək mümkün deyil, onlar xəyanətkardır. Və rus sülhməramlıları hər dəfə onları müdafiə etdikləri üçün belə müxtəlif şantajlara əl atırlar. Onlar özləri də başa düşürlər ki, rus sülhməramlıları bölgədən çıxıb getsə, separatçılar bir gün belə orda qala bilməz. Vəziyyət bu cürdü. Hesab edirəm ki, Rusiya hələ ki, Ukraynada müharibə apardığına görə Qafqazlardan bütünlükdə çıxıb getmək istəmir. Hərbi bazaları Ermənistanda olduğuna görə, hələ ki, belə şantajlara təmkinlə yanaşırlar. Azərbaycanda da bu uzun sürə bilməz. Ümumiyyətlə dünya dəyişir, bölgə dəyişir. Ermənistan bir şeyi başa düşməlidir ki, kimi şantaj edirsə öz işidir. Azərbaycanla münasibətləri normallaşdırmasa, Azərbaycanın şərtlərini qəbul etməsə daha ağır olacaq. Daha ağır şərtlərlə razılaşmalı olacaq. Ümumiyyətlə, onların bölgədə mövcudluğu belə sual altındadır”.
Məhəmmədəli QƏRİBLİ