Təbriz Musayev: “Makron belə açıqlamalar verməklə erməni revanşizmini yenidən körükləyir”

Fransa prezidenti Emmanuel Makron Ermənistan Prezidenti Vaaqn Xaçatryana müstəqillik günü ilə bağlı təbrik məktubu göndərib. Hər zaman olduğu kimi, bu dəfə də Makron öz simasını ortaya qoyaraq ermənilərin mövqeyindən çıxış edib.
Məktubda Makron qeyd edib ki, Qarabağ məsələsində İrəvan ona arxalana bilər: “Fransa regionunuzda sabitlik, sülh və firavanlıq naminə fəaliyyətini davam etdirmək əzmindədir. Fransa Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesini, Qarabağ münaqişəsi ilə bağlı və ondan irəli gələn məsələlərin həllini qətiyyətlə dəstəkləyir. Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi öz roluna tam sadiq qalaraq, tərəflər arasında dialoqun təşviqi üzrə AB-nin səylərini dəstəkləyir. Bu baxımdan, siz xalqlarımızın mənafeyinə şəxsi sadiqliyimə arxalana bilərsiniz”.
Görünən odur ki, Fransa növbəti dəfə Minsk Qrupu kartından bir alət kimi istifadə etmək istəyir.
- “Bu nə Ermənistana, nə də Fransaya bir fayda verəcək”
Məsələyə münasibət bildirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, Makronun Minsk Qrupu ilə bağlı fitnəkar açıqlaması Fransanın əsl məqsədlərini ortaya qoyur: “Əvvəla, müəyyən mənada bu təəccüblü deyil. Ona görə ki, Fransa hər zaman Ermənistanın maraqlarına uyğun siyasət aparıb. Makronun məlum açıqlaması da bu siyasətin davamıdır. Fransa digər formada Cənubi Qafqaza daxil ola bilmir. Söhbət hərbi iştirakdan gedir. Məsələ ondadır ki, Ermənistanın açıq dənizə çıxışı yoxdur. Rusiyanın yaratdığı hərbi və iqtisadi bloklarda təmsil olunur. Belə olan halda rəsmi Paris Minsk Qrupundan alət kimi istifadə edərək Cənubi Qafqazda öz təsir gücünü qurmaq istəyir. Fransanın sərgilədiyi mövqe də buna xidmət edir. Çünki uzun illər Fransa Minsk Qrupu çətiri altında Cənubi Qafqazda boy göstərməyə çalışıb. Artıq bir neçə ildir Minsk Qrupu fiaskoya uğrayıb. Xüsusən Vətən müharibəsindən sonra belə bir qurumun yenidən var olması mümkünsüzdür. Fransa ilə Ermənistan bunu qəbul etməsə belə, reallığı dəyişmək olmaz. Ancaq nə edəsən ki, xristian təəssübkeşliyi və digər faktorlar ədalətli qərarların qəbul edilməsinə imkan vermir. Makron belə açıqlamalar verməklə erməni revanşizmini yenidən körükləyir. Bu isə nə Ermənistana, nə də Fransaya bir fayda verəcək”.
Vidadi ORDAHALLI