Xankəndidəki separatçıların qondarma “xarici işlər naziri” David Babayan Vaşinqtondadır. 25 sentyabra qədər ABŞ-da olacaq separatçı Konqresdə erməni qrupuna daxil olan konqresmenlərin iştirakı “arsaxın müstəqilliyinə” həsr olunmuş tədbirdə çıxış edib.
Babayanın səfəri məlum idi, lakin Pelosinin İrəvanda Azərbaycana qarşı səsləndirdiyi ittihamlar fonunda bu gün separatçının Konqres binasına “rəsmi şəxs” kimi daxil olması Vaşinqtonun Bakıya qarşı açıq kartla oynadığı göstərir. Hiss edilir ki, ABŞ Qarabağdakı separatizmə dəstəyi daha da intensivləşədirmək niyyətini güdür.
ABŞ-ın Azərbaycana yönəlik arda-arda qərəzli addımlarını necə qiymətləndirmək olar?
Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev “Bakı-Xəbər” ə açıqlamasında bildirdi ki, Nensi Pelosinin belə bir məqamda ABŞ-a səfər etməsi və bu səfər zamanı səsləndirdiyi bəyanatlar Vaşinqtonun bizə qarşı hansı qərəzli mövqedə olduğunun göstəricisi sayıla bilər: “Ermənilərin separatizmi hər zaman ABŞ-da dəstəklənib. Buna rəvac verən başlıca amil ABŞ-dakı güclü erməni diasporunun olmasıdır. Hazırda isə ermənilərə açıq şəkilfə dəstək ifadə edilir. Ermənilərin əli ilə ABŞ öz məkirli siyasətini regionda həyata keçirir. Artıq sərhəddəki təxribatlara Ermənistanı kimlərin sürüklədiyi bəlli olur. Onlar sülh prosesini iki hissəyə bölmək niyyətini güdürlər. Bir tərəfdən tərəfləri sülh danışıqlarına
səsləyirdilər, digər tərəfdən isə Qarağdakı ermənilərin müstəqilliyi ilə bağlı beynəlxalq səviyyədə işlər görürdülər. İndiyə qədər də saxta quruma maliyyə yardımını Konqresin beynəlxalq əlaqələr komissiyası göstərib. Onlar separatizmin uzun müddət yaşamasında vacib donor rolunu oynayıblar. Hələ SSRİ dönəmindən başlayaraq Qarabağdakı separatizmin əsas hamisi ABŞ olub. Sovetlər zamanında da, erməni katalikosunun 4 xarici ölkəyə gedib-gəlmək icazəsi varıydı. Ermənilər hər zaman Qərbin kəşfiyyat şəbəkəsində olublar. Osmanlı İmperiyasının çökməsində onlardan geniş istifadə ediblər. Azərbaycan bunları nəzərə alıb, onların bölgədə möhkəmlənmədiyi zamanda bəzi planlanlarını həyata keçirməlidir. Ukrayna müharibəsindən sonra Cənubi Qafqaz xüsusi olaraq onların nəzərini cəlb edir. Bölgənin coğrafiyasının dəyişdirilməsinə start verilib. İran bu narahatlığını açıq ifadə etdi. David Babayanın Konqresə dəvət edilməsi və orada dinləmələr keçirilməsi ABŞ-ın bizə qarşı açıq şəkildə hücuma keçdiyini göstərir. Pelosinin səfərindən sonra ABŞ-ın Azərbaycana qarşı mövqeyi dəyişəcək və gərgin geopolitik proseslər başlayacaq. Onların ermənilərin əli ilə törətdikləri bütün təxribatlara Azərbaycan ordu və diplomatiya səviyyəsində layiqli cavab verir. Ərdoğanın ABŞ səfırindən sonra yeni proseslərin şahidi olacayıq. Yeni dünya düzənində kim öz haqqını müdafiə etməyi bacarırsa, o da qalib olacaq”.
Partiya sədri hesab edir ki, Azərbaycan bütün bu addımlarla bağlı ABŞ-a rəsmi etirazını bildirməlidir: “Biz ölkə olaraq ABŞ-ın terrorla mübarizəsinə dəstək vermişik. Bunun qarşılığında ABŞ kürəyimizə xəncər sancırsa, onda belə ölkəyə münasibətimizi açıq ifadə etməliyik”.
Məhəmmədəli QƏRİBLİ