“Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib”. Bunu Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində çıxış edərkən deyib.
Ölkə başçısı bununla bağlı konkret faktları sadalayıb: “Hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb. Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Bakı gəmiqayırma zavodu bütün növ gəmilər istehsal edə bilir. Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Bu gün Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir. Azərbaycan 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı bugünkü 7-dən 9-a çatdırılacaq. 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır”.
Görünən odur ki, nəqliyyat dəhlizləri ilə bağlı Azərbaycanın hərtərəfli imkanları var.
“İnfrastrukturun formalaşdırılması, digər texniki vasitələrin olması ölkəmiz üzərindən yüklərin daşınmasına marağı artırıb”
Məsələyə münasibət bildirən millət vəkili Vüqar Bayramovun fikrincə, Azərbaycan həqiqətən beynəlxalq yükdaşımalara töhvə verən ölkədir: “Nəzərə almaq lazımdır ki, həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərinin reallaşması nəticə etibari ilə Azərbaycan üzərindən daşınan yüklərin həcmində artımlara gətirib çıxarıb. Təkcə bu ilin ötən müddətində ölkəmiz üzərindən daşınan beynəlxalq yüklərin həcmində 40 faizdən çox artım qeydə alınıb. Bu da təbii onunla bağlıdır ki, məhz beynəlxalq nəqliyyat koridorlarının reallaşması Azərbaycan üzərindən yükdaşımalara marağın artmasına səbəb olub. Digər tərəfdən infrastrukturun formalaşdırılması, xüsusən də beynəlxalq yükdaşımalar üçün lazımı həm elektron xidmətlərin, digər texniki vasitələrin olması ölkəmiz üzərindən yüklərin daşınmasına marağı artırıb. Quru nəqliyyatı ilə yanaşı, hava nəqliyyatında da Azərbaycan müqayisəli üstünlüyə malik olan ölkələrdəndir. O baxımdan növbəti dövrlərdə ölkəmiz üzərindən daşınan yüklərin daha da artacağı qaçılmazdır. Nəticədə beynəlxalq yükdaşımalar Azərbaycan üçün qeyri-neft sektorunda əsas gəlir mənbələrindən birinə çevrilməkdədir”.
Bir sözlə, millət vəkili hesab edir ki, bu tendensiya davam edəcək.
Vidadi ORDAHALLI