İran prezidenti İbrahim Rəisi Rusiya lideri Vladimir Putinlə Səmərqənddə keçirilən ŞƏT sammiti çərçivəsində görüşüb.
Görüşdə Rəisi deyib ki, Cənubi Qafqaz regionunda istənilən geopolitik dəyişiklik sabitliyi pozan və qəbuledilməz hərəkətdir. Maraqlıdır ki, Rəisi NATO-nun “ekspansist” siyasəti haqda danışarkən qəflətən Cənubi Qafqazdakı son hadisələrə toxunaraq bu ifadələri işlədib.
Daha sonra sammitdə çıxışı zamanı Rəisi sözügedən məsələlərə toxunub: “Qafqaz regionunda sülh, sabitlik və təhlükəsizliyin bərqərar olması İran İslam Respublikası üçün çox vacibdir. Biz hər zaman ərazi bütövlüyünə, milli suverenliyinə hörmətlə yanaşmağı, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında tanınmış sərhədlərdə istənilən dəyişikliyi rədd etdiyimizi vurğulamışıq. Tərəflər fikir ayrılıqlarını dialoq yolu ilə və beynəlxalq hüquq əsasında sülh yolu ilə həll etməlidirlər. İran İslam Respublikası öz milli maraqlarını və təhlükəsizliyini və regionu qoruduğu üçün bu iki qonşu ölkə arasındakı fikir ayrılıqlarının həllinə kömək etməyə hazır olduğunu da bəyan edir”.
Maraqlıdır, İran niyə Cənubi Qafqazda geopolitik dəyişikliklərdən bu qədər narahatdır? Niyə hər dəfə yeri gəldi-gəlmədi bu məsələni qabardırlar?
“Tehran regionda geopolitik dəyişiklikdən bu qədər narahatdırsa, o zaman Ermənistana niyə xəbərdarlıq etmir?”
Məsələyə münasibət bildirən hərbi ekspert İbrahim Rüstəmli Rəisinin məlum narahatçılığını Azərbaycanın artan önəmi ilə əlaqələndirdi: “Əvvəla, İran 44 günlük müharibədə Azərbaycanın qələbəsini həzm edə bilmir. Ondan sonrakı dövrdə ordumuzun erməni təxribatlarının qarşısını qətiyyətlə alması İranı narahat edib. Çox qəribədir ki, müharibəni başladan tərəf Ermənistan olduğu halda Rəisi Azərbaycana eyham vurur. Sanki təcavüz edən tərəf Ermənistan yox, Azərbaycandır. Bir növ İran belə bir görüntü yaratmaq istəyir. Rəisi geopolitik məsələləri xüsusi vurğulamaqla dolayısı ilə Azərbaycanı təcavüzkar tərəf kimi təqdim etməyə çalışır. Bütün bunlarda İranın əsil niyyəti başqadır. İran regionda sülhün əldə olunacağı təqdirdə kommunikasiyaların açılacağından narahatdır. İran istəmir ki, Zəngəzur dəhlizi açılsın. Bundan əvvəl də dəfələrlə İran rəsmiləri Zəngəzur dəhlizinə qarşı mövqe sərgiləyiblər. Tehran regionda geopolitik dəyişiklikdən bu qədər narahatdırsa, o zaman Ermənistana niyə xəbərdarlıq etmir? Nədənsə, Ermənistanda hakimiyyətdə olan Qərbpərəstlər İranı narahat etmir”.
Vidadi ORDAHALLI