Nikol Paşinyan parlamentin iclasında sülh naminə üzərinə böyük məsuliyyət götürdüyünü bildirib:
“Biz bu gün elə sülh müqaviləsi imzalaya bilmərik ki, bunun nəticəsində 6 ildən sonra yeni müharibə olsun. Biz bir sənəd imzalamaq istəyirik ki, bunun nəticəsində çoxları bizi qınayacaq, çoxları söyəcək, çoxları bizə “satqın” deyəcək, hətta xalq bizi hakimiyyətdən uzaqlaşdırmaq qərarına gələ bilər. Nəticədə, 29,8 min kvadrat kilometr əraziyə malik Ermənistan davamlı sülh və təhlükəsizlik əldə edərsə, biz daha da məmnun olacağıq. Bunu təmin edəcək qərarı, çox açıq deyirəm, imzalayacağam. Məni başıma nə gələcəyi maraqlandırmır, məni Ermənistanın başına nə gələcəyi düşündürür”.
Onun bu çıxışından sonra Ermənistanda kütləvi etiraz aksiyaları başlayıb. Bundan sonra Paşinyan yenidən canlı yayıma çıxaraq, aksiyalara cavab olaraq bunları qeyd edib:
“Əziz həmvətənlər, sizi manipulyasiyaya getməməyə səsləyirəm. Heç bir sənəd imzalanmayıb və imzalanmayacaq. Bu, ölkənin müqavimətini qırmaq üçün düşmən xarici qüvvələrin istiqamətləndirdiyi informasiya təxribatıdır. Niyə mən bu haqda danışdım? Bu gün Ermənistana təcavüz edilir. Biz deyirik ki, ərazi bütövlüyü müzakirə olunmur. Bizə deyirlər, “dəhliz”! Biz deyirik, Ermənistan ərazisindən dəhliz verməyəcəyik. Biz ərazi bütövlüyünü hər hansı şəkildə şübhə altına qoyan sənədə imza atmayacağıq. Bu gün sərhəddən əsgərlər zəng edirlər ki, düzdür ki, sənədə imza atılıb, yəni sərhədi qorumayaq? Mənə deyirlər ki, Azərbaycan saytları belə başlıqlarla çıxışımı yayıb. Biz deyirik ki, kompleks həllə hazırıq. Bizim vətənimiz müqəddəsdən də artıqdır, o, müzakirə edilmir”.
O bir daha vurğulayıb ki, nə sənəd var, nə layihə:
“Əgər müzakirələrin gedişində sənəd hazırlansa, o sənəd bizim arzuladığımız olmasa da, ancaq analizdən sonra hesab etsək ki, o, Ermənistanın uzunmüddətli təhlükəsizliyini və sülhü təmin edir, biz bu istiqamətdə davam edəcəyik. Xalq deyəcək, niyə belə sənəd imzaladınız, amma fakt odur ki, o, Ermənistanın yaxın 100 ildə təhlükəsizliyini və sülhü təmin edəcək. Qərar yalnız bizim xeyrimizə olmamalıdır. 2018-ci ildə də demişdim, qərar hər kəs üçün xeyirli olmalıdır ki, davamlı olsun”.
Görünən budur ki, Paşinyan sülh sənədini imzalamaqda israrlıdır. Sadəcə, daxili auditoriyanı sakitləşdirmək üçün qismən dediklərindən boyun qaçırmağa məcbur qalıb. Bu vəziyyəti necə xarakterizə edə bilərik?
Siyasi şərhçi Sahil Kərimli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Nikol Paşinyan qeyri-ciddi siyasətçi imicini hər ötən gün möhkəmləndirir: “Biz istər 44 günlük müharibədən əvvəl, istərsə də onların kapitulyasiya sənədinə imza atmasından sonra Nikol Paşinyanın bir-biri ilə uzlaşmayan açıqlamalarının şahidi oluruq. Belə görünür ki, Nikol Paşinyan bu cür dəyişən siyasi mövqeyi ilə həm daxili auditoriya ilə oynayır, həm də beynəlxalq aləmin fikirini yayındırmağa çalışır. Eyni zamanda, qeyri-konstruktiv mövqeyi ilə proseslərin gedişinə çox böyük zərbə vurur. Son hadisələrin fonunda Paşinyan belə ziddiyyətli bəyanatlar səsləndirməyə məcburdur. Çünki Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinə çox sarsıdıcı zərbə vurub. Ermənistanın böyük itkiləri var. Bu, əlbətdəki Ermənistan üçün dərs olmaya bilməzdi. Biz 44 günlük müharibə zamanı da Ermənistana çox ağır zərbə vurduq. Bu dəfə də onlara lazımi dərsi verdik. Proseslərin gedişi sual altındadır. Çünki Ermənistanın dayanıqlı olmayan mövqeyi sülün əldə edilməsini ləngidir. Bu gün səhərdən atəşkəs elan olunub. Bunun nə qədər davam edəcəyini demək olmaz. Əsas odur ki, Azərbaycan Ermənistanın təxribatlarına çox ağır cavab verdi. Bu dəfə yaratdığımız təhlükəsiz ərazi gələcəkdə bizə daha da üstünlük verəcək. Paşinyan sülh müqaviləsini imzalamağa meyillidi. Sadəcə, daxildəki revanşistlər və xaricdəki erməni diasporu buna imkan vermir. Bu dəfəki hadisələr onlara yaxşı düşünməyə imkan verir. Belə getsə, itkiləri daha çox olacaq. Nə qədər gec deyil, sülh müqaviləsini imzalamağa tələssinlər”.
Məhəmmədəli QƏRİBLİ