Sonuncu Brüssel danışıqlarından sonra bir sıra yerli və beynəlxalq ekspertlər Ermənistan -Azərbaycan arasında dialoqun bərpa olunacağı, sülh danışıqlarının ön plana çıxacağı üçün güclü zəmin formalaşacağını düşünürdülər. Çünki Avropa İttifaqı Şurasının vasitəçiliyi ilə artıq 4-cü dəfə baş tutan Brüssel görüşləri Ermənistanla Azərbaycan arasında yeni dialoq dövrünün işartılarını göstərdi.
Ancaq gözləntilərin əksinə olaraq sentyabrın 13-də Ermənistan hərbi qüvvələri dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətdilər. Müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirdilər. Nəticədə irimiqyaslı toqquşmalar baş verdi. Hərbi toqquşmanın baş verməsi onu göstərdi ki, bu gün Ermənistan hakim dairələrində revanşist, heç bir vəchlə sülh danışıqlarının davam etdirilməsini istəməyən qüvvələr mövcuddur. Ermənistan tərəfinin bu təcavüzkar addımı beynəlxalq hüququn fundamental norma və prinsiplərinin pozulması deməkdir. Həmçinin bu, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanatların müddəalarının pozulması deməkdir. Bugünədək aparılan normallaşma və sülh prosesinə qarşı ciddi təxribatdır.
O baxımdan maraqlıdır, Ermənistanın sərhəddə törətdiyi təxribat, bu təxribat və onun nəticəsində sarsıdıcı zərbə alması sülh sazişinin imzalanma prosesinin perspektivinə necə təsir edəcək?
“İrəvandan Zəngəzura gedən yollara tam vizual nəzarət təmin edildi”
Məsələyə münasibət bildirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, Ermənistanın son təxribatı sülh sazişi prosesini tormozlaya bilməyəcək: “Əvvəla, ona görə ki, qarşı tərəfə çox güclü zərbələr endirildi. Azərbaycan əraziləri 30 ilə yaxın işğal altında qaldığı üçün Kəlbəzərdən Zəngilana qədər olan Ermənistan sərhəddində infrastruktur yaradılmamışdı. Ermənilər elə bilirdilər ki, belə vəziyyət sonsuza qədər davam edəcək. Ancaq 44 günlük Vətən müharibəsi bütün bu gözləntiləri alt-üst etdi. Son 2 ildə Kəlbəcər və Laçınla həmsərhəd olan yerlərdə ermənilər müəyyən işlər gördülər. Bir sıra postlar yaratdılar. Ancaq 13 sentyabr təxribatından sonra ordumuz onları darmadağın etdi. Göyçə istiqamətində bir sıra əhəmiyyətli yüksəkliklər nəzarətə götürüldü. İrəvandan Zəngəzura gedən yollara tam vizual nəzarət təmin edildi. Bütün bunlar Ermənistanda çox ciddi təşvişə səbəb olub. Hətta İran bundan narahatdır. Deməyim odur ki, Göyçə istiqamətində strateji yüksəkliklərin nəzarətə götürülməsi Ermənistanı sülh prosesini sürətləndirməyə məcbur edə bilər. Bütün bunlar Ermənistanı sülh sazişini imzalamağa vadar edə bilər. Əks halda Ermənistan daha ağır vəziyyətlə üzləşəcək”.
Vidadi ORDAHALLI