Ermənistan İkinci Qarabağ müharibəsindəki yalançı təbliğat taktikasını yenidən təkrarlayır. Məsələ ondadır ki, o vaxt müharibə dövründə Azərbaycan Ordusunun cəbhədə əldə etdiyi uğurları Ermənistan Türkiyə ilə əlaqələndirirdilər. Bütün dünyaya car çəkirdilər ki, guya Ermənistan türk ordusu ilə vuruşduğu üçün məğlub olur. Türkiyə Suriyadan radikal islamçıları döyüşməyə gətirib, Gəncədəki “F-16” qırıcılardan istifadə olunub və s.
Bu arada Erməniatan xarici işlər naziri Ararat Mirzoyan Ermənistanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüşüb. Görüşündə Mirzoyan 13 sentyabr təxribatından danışaraq bildirib ki, Türkiyədən Azərbaycana hərbi yük daşıyan təyyarələr enir: “Biz mütəmadi olaraq Türkiyədən Azərbaycana hərbi yük daşıyan təyyarələr barədə məlumat alırdıq. Sentyabrın 5-9-da isə Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinin birgə təlimləri keçirilib, onların vəzifəsi saxta düşmənin hava və quru hədəflərini məhv etmək olub. Sentyabrın 10-da Azərbaycanın müdafiə naziri Baş Qərargahda keçirdiyi müşavirədə təxribatlara dərhal və aydın cavab verməyə hazır olmağı tapşırıb. Belə addımların məntiqi 2020-ci ildə, 44 günlük müharibədən əvvəlki dövrdə də keçərli idi”.
Görünən odur ki, Ermənistan yenə spekulyasiyalarla məşğuldur.
“Mirzoyandan soruşmaq lazımdır ki, qısa müddətdə Ermənistanı kim silahlandırır?”
Məsələyə münasibət bildirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev hesab edir ki, Mirzoyanın dedikləri cəfəngiyyatdır: “Azərbaycanın kifayət qədər silah və sursatı var. Bunun üçün xüsusi olaraq haradansa silah gətirməyə ehtiyac yoxdur. Azərbaycanın peşəkar və ciddi döyüş təcrübəsi olan ordusu var. Azərbaycan hansı dövlətdən silah alırsa, bunu öz vəsaiti ilə əldə edir. Ermənistanın belə bir imkanı yoxdur. O zaman sual yaranır bəs Ermənistan silahları hardan əldə edir? Mirzoyandan soruşmaq lazımdır ki, qısa müddətdə Ermənistanı kim silahlandırır? Onlarrda bir belə silah hardan idi ki, ordumuz sentyabrın 13-də onu məhv etdi? Açıq-aydın bəllidir ki, Rusiyanın bəlli dairələri və İran qısa müddətdə Ermənistanı silahlandırıb. Məhz ona görə idi ki, Ermənistan revanşist əhval-ruhiyədən çıxmadı və 13 sentyabr təxribatını törətdi. O üzdən, yaxşı olardı ki, Mirzoyan xarici diplomatlara bu barədə danışsın. Azərbaycan Türkiyə ilə müttəfiqdir. Türkiyə ilə yanaşı, İsraildən və bizə yaxın olan ölkələrdən silah alır. Bunun məsələyə dəxli yoxdur. Ermənistan sabitlikdə maraqlıdırsa, Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsin, sülh sazişinin imzalanmasını tezləşdirsin. Ancaq Ermənistan beynəlxalq hüquqa məhəl qoymayaraq üzərinə düşən öhtəlikləri yerinə yetirmir. Belə olduğu üçün Ermənistana yönəlik gərəkən tədbirlər görülməlidir. Yəni, qarşı tərəf sülhə məcbur edilməlidir. Bu baxımdan hesab edirəm ki, Mirzoyan və yaxud da hansısa yanın nə deməsindən asılı olmayaraq biz davamlı olaraq öz addımlarımızı atmalıyıq. Vahid mövqedən çıxış edərək Ermənistanı sülhə məcbur etməliyik”.
Partiya sədri onu da əlavə etdi ki, Ermənistan yalnız güclə hesablaşır.
Vidadi ORDAHALLI