Son günlər Ermənistanın törətdiyi sərhəd təxribatı ölkəmizlə yanaşı qonşu respublikalarda da, bizdən uzaq ölkələrdə də müzakirə edilir. Məlum olduğu kimi, artıq bəzi ölkələr, həmin ölkələrin tanınan şəxsləri Ermənistanın törətdiyi təxribata öz etirazını bildirib və baş verənlərin məsuliyyətinin bu ölkənin siyasi rəhbərliyinin üzərinə düşdüyünü qeyd ediblər.
Əlbəttə, hələ beynəlxalq təşkilatların bir çoxu Ermənistanın növbəti təxribatı ilə bağlı bəyanat yaymayıb. Bu da ondan irəli gəlir ki, onlar bu ölkənin cinayətlərini ifşa etmək istəmirlər.
Onlar sussa da beynəlxalq aləmdə Azərbaycanın ədalətli mövqeyini dəstəkləyənlər heç də az deyil.
Tanınmış gürcü politoloqu Quram Marxuliyanın Azərbaycan və Ermənistan sərhəddindəki gərginliklə bağlı açıqlaması yayılıb. “Azərbaycan ordusu Ermənistana layiqli cavab verdi. Hələ də sovet ittifaqında olduğunu düşünən Ermənistan, Rusiyanın ona kömək edəcəyinə inanır. Azərbaycan güclü, hərbi cəhətdən qüdrətli dövlətdir. Azərbaycan heç vaxt ermənilərin öz torpaqlarında təxribat törətmələrinə imkan verməyəcək”-deyə gürcü politoloq bildirib.
“Təbiidir ki, qəlbində ədalət hissi olan hər kəs haqlının yanında yer almalıdır, alır da”
Siyasi şərhçi Azər Həsrət bizimlə söhbətində bildirdi ki, beynəlxalq aləmdən gələn səslər təqdirəlayiqdir və bizə dəstəkdir. “İstər Quram Marxuliya, istərsə də gerçəkləri az-çox dərk edən digər şəxslər Azərbaycanın haqq davasına həmişə dəstək veriblər, bundan sonra da dəstək verəcəklər. Əslinə qalanda onların bu davranışı tərəf tutmaq deyil, sadəcə olaraq gerçəklikdən yana olmaqdır. Onlar başa düşürlər ki, Azərbaycan dövləti və Azərbaycan xalqı haqq işi uğurunda döyüşür, işğalçıya qarşı mübarizə aparır. Təbiidir ki, qəlbində ədalət hissi olan hər kəs haqlının yanında yer almalıdır, alır da. Bu baxımdan, Quram Marxuliya Azərbaycanın yanında yer alıb. Bu məsələnin bir tərəfi. Digər tərəfdən də unutmayaq ki, Quram Marxuliyanın öz ölkəsi-Gürcüstan da işğala məruz qalıb, torpaqları Rusiya tərəfindən işğal edilib. Əlbəttə ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nə demək idisə Rusiyanın da Gürcüstan torpaqlarını işğal etməsi o deməkdir. Yəni fərqli deyil”.
A.Həsrətin sözlərinə görə, əsasən də Gürcüstandakı insanlar, üzdə olan ictimai-siyasi xadimlər, elm adamları, dövlət rəsmiləri Azərbaycanın ərazi bütövlüyü məsələsində birmənalı mövqe sərgiləyir. A.Həsrət vurğuladı ki, onlar dövlətlərin ərazi bütövlüyünün toxunulmaz olduğunu çəkinmədən dilə gətirirlər. “Niyə? Ona görə ki, həm Gürcüstanın ərazisi Rusiya tərəfindən işğal edilib, həm də uzun illər Azərbaycan torpaqları Ermənistanın işğalı alıtında olub. Əlbəttə, onlar bir tərəfdən özlərinin ölkələrinin ərazi bütövlüyü haqda danışarkən Azərbaycanın ərazi bütövlüyünü göz ardı edə bilməzlər. O baxımdan, istər Quram Marxuliya, istərsə də başqa xadimlər bu məsələdə Azərbaycanın haqlı mövqeyini açıq şəkildə dəstəkləyirlər. Əslinə qalanda bu yolla həm də Gürcüstanın özünün ərazi bütövlüyünü dəstəkləmiş olurlar”-deyə A.Həsrət vurğuladı.
İradə SARIYEVA