Məlum olduğu kimi, sentyabrın 12-dən başlayaraq 13-ü və 14-də rmənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Baş verən toqquşmalarda Ermənistan ordusunun bir sıra postları dağıdılıb, çoxsaylı düşmən əsgəri məhv edilib.
Məhz Ermənistanda İrəvanın törətdiyi sərhəd təxribatlarından sonra etirazlar artıb. Belə ki, döyüşlərdə öldürülmüş hərbçilərin valideynləri parlamentin binası yaxınlığında etiraz aksiyası keçirirlər. Ölən əsgərlərin valideynləri və yaxınları baş nazirə qarşı impiçment prosesinin başlanmasını tələb edirlər. Məlumata görə, “Hayastan” fraksiyası 44 günlük müharibədə həlak olanların valideynlərinin hərəkat yaratmaq və baş nazir Nikol Paşinyana qarşı impiçment prosesinə başlamaq tələbini müzakirə etmək üçün iclas keçirib.
Bütün bu etirazların böyüməsi nə vəd edir?
“Bu isə bütün hallarda Paşinyana qarşı kütləvi aksiyaları genişləndirəcək”
Məsələyə münasibət bildirən Yeni Yol Partiyasının sədri Ramil Hüseynovun fikrincə, ölən erməni əsgərlərin valideynlərinin etiraz aksiyaları daha da kütləviləşə bilər: “Baxmayaraq ki, müharibədən sonra - 2021-ci ilin iyununda ölkədə keçirilən parlament seçkilərində Paşinyan böyük üstünlüklə qalib gəlib, amma bu, yetərli deyil. Çünki ötən bir ildə Paşinyanın reytinqi xeyli aşağı düşüb. Buna səbəb Nikolun verdiyi vədlərə əməl etməməsi ilə bağlıdır. Ermənistan sülh sazişinin imzalanması ilə bağlı əməli addımlar atmır. Avqust ayında təxribat törətdilər çoxsaylı erməni əsgəri məhv edildi. Onsuz da 44 günlük müharibədə ermənilərin itkiləri böyük idi. Sonrakı təxribatlarda da itkilərin artması cəmiyyətdə Paşinyana olan nifrəti gücləndirir. Revanşistlər də bundan öz məqsədləri üçün istifadə edirlər. Ermənistanın sentyabrın 13-də törətdiyi təxribat zamanı ölən və yaralanan erməni əsgərlərin sayı çox olduğundan ölkədə qarşıdurma güclənəcək. Bu isə bütün hallarda Paşinyana qarşı kütləvi aksiyaları genişləndirəcək”.
Vidadi ORDAHALLI