Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistan-Azərbaycan sərhədində baş verənlərlə bağlı sammiti keçirilib. Bu barədə məlumatı Kremlin sözçüsü Dmitri Peskov yayıb.
Bildirilib ki, sammitdə Rusiya lideri Vladimir Putin, Qazaxıstan lideri Qasım Jomart-Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Ermənistan Baş naziri Nikol Paşinyan, Tacikistan baş naziri Kohir Rəsulzadə, Belarus TŞ katibi Aleksandr Volfoviç, KTMT baş katibinin müavini Valeri Semerikov iştirak edib.
Sammit Ermənistanın tələbi ilə keçirilib. Ermənistanın müraciəti əsasında keçirilən iclasda Paşinyanın sərhədlə bağlı məlumatı dinlənilib. Daha sonra Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət və KTMT-nin gələcək fəaliyyəti müzakirə olunub. Təşkilatın katibliyi qəbul edilmiş qərarlar barədə əlavə məlumat verəcək.
Maraqlıdır, Ermənistanın sorğusu əsasında KTMT-nin belə sammit keçirməsinə lüzum varidimi? Bu, Azərbaycana xoş jest sayıla bilərmi? Məgər bunlar bilmir ki, pozucu rol oynayan Ermənistandır? Artıq iki ilə yaxındır ki, sülh sazişini imzalamır, sərhədlərin delimitasiyasını həyata keçirmir. Ümumilikdə, Ermənistanın çağrışı ilə KTMT üzvlərinin toplaşmasının özü Azərbaycana xoş niyyətin təzahürü sayıla bilərmi? Onların hərəkətinə necə haqq qazandırmaq olar?
“Qurum Paşinyanın şantajlarına uyaraq belə bir tədbirin keçirilməsinə qərar verdi”
Məsələyə münasibət bildirən hərbi ekspert Ramil Məmmədlinin fikrincə, baş verənlərlə əlaqədar KTMT sammitinə ehtiyac yox idi: “Əfsuslar olsun ki, Rusiya belə bir tədbirdə maraqlı olduğu üçün üzv dövlətlər bir araya gəldilər. İlk baxışdan elə bir görüntü yaratdılar ki, sanki Ermənistan xarici təcavüzə məruz qalıb. Əslində isə, başda Rusiya olmaqla digər üzv dövlətlər vəziyyətin nə olduğunu yaxşı bilirlər. Zaman-zaman Paşinyan KTMT-ni tənqid edib. Tənqidin əsas mahiyyəti o olyb ki, 44 günlük müharibədə KTMT Ermənistana gərəkən dəstəyi verməyib. Halbuki, bunun KTMT-yə hansısa aidiyyəti yox idi. Azərbaycan öz ərazilərini işğaldan azad edirdi. Ordumuz Ermənistan ərazisinə hücum etmirdi. Bu dəfə də təxribat törədən tərəf Ermənistan idi. Ancaq KTMT Paşinyanın şantajlarına uyaraq belə bir tədbirin keçirilməsinə qərar verdi. Hesab edirəm ki, KTMT-nin məlum addımı Azərbaycana qarşı xoş olmayan bir jest idi. Nəzərə almaq lazımdır ki, Ermənistan xaric digər bütün KTMT üzvləri Azərbaycanla yaxın münsibətlərə malikdir. Ona görə də gərək buna getməyəydilər”.
Vidadi ORDAHALLI