ABŞ-ın və dünyanın ən məşhur universitetlərindən hesab olunan və bir çox beynəlxalq anketə əsasən verdiyi təhsilin səviyyəsinə görə “ən yaxşı” hesab olunan Harvard Universitetinin rəsmi instaqram səhifəsində paylaşdığı foto azərbaycanlı istifadəçilərin qəzəbinə səbəb olub.
Belə ki, “Professor Kristina Merensi “Ermənistanın incəsənəti və mədəniyyəti” dərsində Ermənistanın coğrafiyasını təsvir edir” sərlövhəsi ilə təqdim olunan fotoda Qarabağ Azərbaycan ərazisinin daxilində qondarma Dağlıq Qarabağ Respublikası kimi göstərilib. Azərbaycanlı sosial şəbəkə istifadəçiləri Universitetin bu paylaşımna sərt reaksiya veriblər və dərhal atılan yanlış addımın düzəldilməsini tələb ediblər.
“Harvard Universiteti və digər xarici təhsil ocaqlarına kiminsə tanışı, qohumunu göndərməkdənsə savadlı kadrlar göndərilməlidir ki…”
“Professor Kristina Merensi “Ermənistanın incəsənəti və mədəniyyəti” dərsində Ermənistanın coğrafiyasını təsvir edir” sərlövhəsi ilə təqdim olunan fotoda Qarabağ Azərbaycan ərazisinin daxilində qondarma Dağlıq Qarabağ Respublikası kimi təqdim olunması ilə bağlı fikir bildirən siyasi şərhçi Azər Həsrət qeyd etdi ki, beynəlxalq platformalarda erməni və onların havadarları ilə üz-üzə gəlinib, müəyyən məsələlərdə mübahisələr aparılıb: “Məlumat üçün deyim ki, erməni və onların havadarları istənilən yerdə öz təbliğatlarını aparmağa çalışır. Harvard Universitetinə gəlincə onu deyə bilərəm ki, buranın auditoriyası Azərbaycan haqqında məlumatlı deyil, ümumiyyətlə Qafqaz bölgəsi ilə bağlı yetərincə informasiyaya malik deyillər. Bizdən fərqli olaraq amerikalılar dünyanı elə də yaxşı tanımır, özəlliklə oranın gəncləri bəsit məlumatları belə bilmir. Ermənilərdə vəziyyətdən sui istifadə edərək həmin ölkənin gənclərinin beyninə yanlış informasiya ötürür. Bu kimi halların qarşısını almaq üçün dünyanın aparıcı təhsil ocaqlarında, təşkilatlarında və digər qurumlarda bilikli, hazırcavab gənclərimiz olmalıdır. Harvard Universiteti və digər xarici təhsil ocaqlarına kiminsə tanışı, qohumunu göndərməkdənsə savadlı kadrlar göndərilməlidir ki, ölkəmizə qarşı aparılan yanlış məlumatların qarşısı yerindəcə alınsın”.
Günel CƏLİLOVA