Ukraynanın nüfuzlu informasiya agentlikləri və xəbər portalları Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində təxribat törətməsi barədə geniş məlumat yayıb. Belə ki, “RBK-Ukrayna”, “Ukrinform”, “TSN.ua”, “Ukrayinskaya Pravda”, “Obozrevatel”, “Gazeta.ua” və digər informasiya agentliyi, xəbər portallarında yayılan məqalələrdə baş verənlərə xüsusi yer ayrılıb.
Ancaq təəssüflər olsun ki, ölkənin bütün media orqanları obyektiv məlumat yaymır. Ukrayna mediasında Ermənistanın törətdiyi təxribatla bağlı reallığı əks etdirməyən məqamlar da yer alır. Məsələn, Ukraynanın əsas xəbər və ən aparıcı agentliyi “UNİAN” məlumat yayıb ki, guya Azərbaycan ordusu Ermənistanın sərhəddə yerləşən erməni yaşayış məntəqələrini bombalayır. Azərbaycan Ordusu artileriya qurğuları ilə, minaatanlarla mülkü yaşayış məntəqələrini atəşə tutur. Bunu hansısa tanınmayan, qeyri-ciddi media resursu yaysaydı, əhəmiyyət verməmək olardı. Lakin nəzərə alsaq ki, tanınmış bir informasiya resursu belə məlumat yayır, o zaman bunun təsadüf olmadığı güman edilir.
“Jurnalistikanın prinsiplərinə zidd olan belə məlumatın yayılması iki ölkə münasibətlərinə kölgə salmaq məqsədi güdür”
Məsələyə münasibət bildirən “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin fikrincə, Ukraynanın aparıcı agentliyinin belə yanlışlığa yol verilməsi təəssüf doğurur: “Hesab edirəm ki, bu, qəbuledilməzdir. Ona görə ki, belə bir informasiyanın heç bir əsası yoxdur. Bu səbəbdən Ukraynanın müvafiq qurumları mövqeyini ortaya qoymalı və izahat verməlidilər. Jurnalistikanın prinsiplərinə zidd olan belə məlumatın yayılması iki ölkə münasibətlərinə kölgə salmaq məqsədi güdür. Nəzərə almaq lazımdır ki, Ukrayna müharibədən əziyyət çəkir, ərazi bütövlüyü təhdid altındadır. O üzdən, qarşı tərəfin media resursları bizi daha düzgün anlamalıdılar. Azərbaycan birmənalı olaraq Ukraynanın ərazi bütövlüyünü tanıyır. Hesab edirəm ki, “UNİAN” agentliyinin yaydığı həmin məlumat birmənalı şəkildə təxribat xarakterlidir. Fikrimcə, belə yanlış məlumatın yayılmasında erməni lobbisinin əli ola bilər. Nəzərə almaq lazımdır ki, Ukraynada çoxsaylı erməəni yaşayır. Bu baxımdan sözügedən dezinformasiyanın yayılmasında erməni izi ola bilər. Hansısa erməni qruplaşmasının təsiri altında belə bir təxribat törədilib. Tam ədalətsiz və subyektiv fikirlərə söykənən informasiya yayılıb. Azərbaycan Ordusu heçvaxt dinc insanların yaşadığı mülki yaşayış məntəqələrini hədəf almır. Nə İkinci Qarabağ müharibəsi dönəmində, nə də ondan sonra”.
Vüqar Rəhimzadə onu da əlavə etdi ki, sözügedən agentlik bununla bağlı təkzib verməlidir.
Vidadi ORDAHALLI