Ermənistanın 12-14 sentyabr tarixlərində törətdiyi təxribatların ardınca Paşinyan süni isterikliklə müxtəlif instansiyalara,o cümlədən KTMT-yə müraciət etmişdi. KTMT Şurasının sessiyası gərginlik zonasına baş katib K.Zasın rəhbərliyi ilə missiya göndərməyi qərara alıb.
Missiyaya təşkilatın birləşmiş qərargah rəisi Sidorov da daxildir. Məlumatlara görə, missiya vəziyyəti qiymətləndirərək üzv ölkələrə hesabat və vəziyyətdən çıxış yolları təqdim edəcək. Gərginlik zonasında daimi monitorinq üçün işçi qrup yaradılması da qərarlar sırasında yer alıb .
“Bakı-Xəbər” Media Qrupunun rəhbəri, siyasi şərhçi Aydın Quliyev KTMT-nin qərarını şəraitə qətiyyən adekvat olmayan münasibət adlandırdı: "Ermənistan rəhbərliyi 2020-ci ilin sentyabrından çalışırdı ki, prosesə istənilən bəhanə və ya əsasla KTMT-ni cəlb etsin. O zaman Rusiyanın konkret mövqe tutması Ermənistanın planlarına mane oldu. Təəssüf ki, bu dəfə KTMT rəhbərliyi ermənilərin planlarına uydu. KTMT fərqinə varmalı idi ki, burada xarici təcavüz faktoru yoxdur və Ermənistan eynilə 2020-ci ilin iyulunda olduğu kimi böyük təxribat planı həyata keçirməyə çalışarkən böyük zərbə aldı. Sual yaranır ki, KTMT 2020-ci ilin iyul-sentyabr aylarında niyə analoji mövqeni tutmadı? Sual ritorik deyil və ciddi əsasları var. Beynəlxalq instansiyaların heç biri konkret halda KTMT qədər qeyri-adekvat və tərəfkeş mövqe göstərmədi. KTMT-nin belə yanaşması vəziyyətin pozitivinə işləmir və gərginliyin azaldılmasına xidmət etmir. Yaxşı olar ki, KTMT onun prinsiplərinə zidd fəaliyyətlə onu lazımsız problemlərlə üzləşdirən Ermənistanın siyasətinə qiymət verəydi. Məhz Ermənistanın üzündən bölgəmizdə uzunmüddətli gərginlik var. Gərginlik varsa, bu KTMT üçün də rahat olmayan vəziyyət deməkdir".
İradə SARIYEVA