Azərbaycan Naminə Alyans Partiyası (ANAP) Erməni silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhəddində törətdiyi təxribatın qarşısının alınması zamanı baş verən silahlı qarşıdurma ilə əlaqədar bəyanat yayıb.
Bəyanatda deyilir:
Azərbaycan respublikasının Müdafiə Nazirliyindən verilən rəsmi məlumata görə sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Ermənilərin törətdiyi növbəti xain təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub. Prezident İlham Əliyev sentyabrın 13-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikeri qəbul edərkən Ermənistan silahlı qüvvələrinin iki ölkənin sərhədinin Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatlar məsələsini bir daha gündəmə gətirib, Azərbaycanın Ermənistanın bu təxribatlarına cavab tədbirləri həyata keçirdiyini və baş vermiş təxribatlara görə bütün məsuliyyətin Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü qeyd edib. Dünya birliyinə, o cümlədən, erməni təxribatlarını görməzdən gələrək ona dəstək verməkdə davam edən qüvvələrə yaxşı məlumdur ki, ardıcıl olaraq sərhəddə silahlı toqquşmalar təşkil edən qonşularımızın əsas məqsədi aparılan sülh danışıqlarını pozmaq, sülh sazişinin imzalanmasını mümkün qədər ləngitməyə çalışmaqdır.
Törədilən hər təxribatdan sonra Ermənistan silahlı qüvvələri layiqli cavablarını alsalar da, Azərbaycan əsgərinin qəhrəmanlığına, yüksək hazırlıq səviyyəsinə, ordumuzun ən müasir silahlarla təchiz olunduğuna dəfələrlə şahid olsalar da çox təəssüf ki, pozuculuq fəaliyyətlərindən imtina etmək istəmirlər. Azərbaycan Naminə Alyans Partiyası xalqımıza, siyasi qüvvələrə müraciət edərək tariximizin çox mürəkkəb dönəmində bundan sonra da prezident İlham Əliyevə dəstək verməyə, onun ətrafında daha sıx birləşməyə çağırır.
Dünya birliyini, nüfuzlu beynəlxalq təşkilatları regionda sülhün təmin olunmasına qarşı yönələn bu cür pozuculuq fəaliyyətini görməzdən gəlməməyə, sülhə, dinc yanaşı yaşamağa mane olan təxribatların qarşısını almaq məqsədilə real fəaliyyət göstərməyə bir daha dəvət edirik.
Son erməni təxribatı zamanı şəhid olmuş qəhrəman əsgərlərimizə allahdan rəhmət, onların doğmalarına və bütövlükdə xalqımıza səbr arzulayırıq. Allah qəhrəman şəhidlərimizə rəhmət eləsin!
Abutalıb Səmədov Azərbaycan Naminə Alyans Partiyasının sədri.