Azərbaycan və Ermənistan rəsmiləri arasında sülh danışıqlarının davam etdiyi məqamda sadə vətəndaşların sülhə hazır olub-olmadıqları maraq doğurur. Ermənistan mətbuatına nəzər salsaq görərik ki, 44 günlük müharibədə biabırçı məğlubiyyətlə üzləşən ermənilərin sülhlə bağlı düşüncüləri stabil deyil. Onların arasında sülh istəyənlər də var, buna qarşı çıxanlar da.
Yerli erməni telekanallarından biri Ermənistan vətəndaşları arasında sorğu keçirərək, onlardan sülh istəyib-istəmədiklərini soruşub. Gözlənildiyi kimi, erməni vətəndaşların fikirləri bu dəfə də fərqli olub. Belə ki, ermənilərin bəziləri Azərbaycanı düşmən hesab etdiklərini, xalqların sülh şəraitində yaşamasının mümkün olmadığını deyiblər. Sorğuda iştirak edən orta və yaşlı nəslin nümayəndələri sülh şəraitində yaşamaqdan başqa çıxış yollarının qalmadığını vurğulayıblar: “Azərbaycandan güclü olmadığımız üçün başqa çarəmiz yoxdur. Sülh müqaviləsi bağlanacağı təqdirdə rahat yaşayacağıq”.
Yaşlı ermənilər SSRİ dövründə Azərbaycana rahat şəkildə gedib-gəldiklərini, heç bir problemlə üzləşmədiklərini, hətta azərbaycanlılarla dostluq etdiklərini etiraf ediblər. Onlar müharibənin artıq geridə qaldığını qeyd edərək, tezliklə sülhün təmin edilməsinin vacibliyini dilə gətiriblər.
“Ermənisatnda yaşlı nəslin nümayəndələrinin sülh çağırşları sadəcə gücsüz olduqlarından irəli gəlir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, ermənilərə etibar etmək olmaz: “Ona görə ki, Ermənistan cəmiyyəti revanşizm və türkfobiyaya malik olan bir toplumdur. Onların beyni yetərincə zəhərlənib. İkinci Qarabağ müharibəsində ağır məğlub olan Ermənisatnda yaşlı nəslin nümayəndələrinin sülh çağırşları sadəcə gücsüz olduqlarından irəli gəlir. Yoxsa onlar belə çağrışlarla çıxış etməzdilər. Birinci Qarabağ müharibsəini məhz bizim zəif olduğumuz vaxtda silahlanıb, bizimlə müharibə aparıblar. Bu cəmiyyətə inanamaq olmaz. Ümumiyyətlə, ermənilərin sülh çağırışlarına səmimi yanaşmaq doğru deyil. Azərbaycanla Ermənistan arasında baş verən 44 günlük müharibədən iki ilə yaxın vaxt keşməsinə baxmayaraq, sülh çağırışları nəticə vermir. Məhz, Nikol Paşinyan daxili auditoriyadan qorxduğu üçün ciddi addımlar atmır. Hazırda Ermənistan sərhəddə ciddi təxribatlara əl atır. Belə olan təqdirdə erməni cəmiyətinin sülh mesajlarını ciddi qəbul etmək olmaz. Azərbaycan xalqı, sülhpərvər xalqdı və daima bunun üçün əlindən gələni edib. Ancaq erməni xalqı buna getmir və heç sülhə də hazır deyillər”.
Politoloq bunu onunla əlaqələndirdi ki, erməni cəmiyyəti sülhə hazır olsaydı Paşinyan hakimiyyətini buna məcbur edərdi.
Vidadi ORDAHALLI