Gürcüstanın baş naziri İrakli Qaribaşvili ABŞ Dövlət Departamentinin Qafqaz və beynəlxalq Cenevrə müzakirələri üzrə baş məsləhətçisi Filip Rikerlə görüşüb. Bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb .
Görüşdə İrakli Qaribaşvili bəyan edib ki, Gürcüstan ABŞ-ın regionda və onun hüdudlarından kənarda etibarlı tərəfdaşı, sadiq müttəfiqidir. Tərəflər 2021-ci ilin iyununda Ermənistan və Azərbaycan arasında onların vasitəçiliyi ilə əldə edilmiş razılaşmaya da toxunublar. Həmin razılaşmaya əsasən, Azərbaycan minalanmış ərazilərin xəritələri müqabilində 15 erməni diversantı azad edib.
Burada diqqəti çəkən məqam odur ki, Gürcüstan hökumətinin yaydığı məlumatda Filip Rikerin statusu çox doğru olaraq göstərilib. Yəni, onu ATƏT-in Minsk Qrupunun yeni təyin olunmuş həmsədri kimi yox, çox doğru olaraq F.Rikeri ABŞ-ın Qafqazda danışıqlar üzrə məsləhətçisi kimi təqdim edirlər. Ancaq Ermənistan mediası və onlara himayədarlıq edən ölkələrin mətbuatı isə F.Rikeri MQ-nin həmsədri kimi təqdim edirlər. O baxımdan Gürcüstan hökumətinin yanaşması doğru və ədalətlidir.
“Bundan sonra hansısa həmsədrdən söhbət gedə bilməz”
Məsələyə münasibət bildirən AMİP sədri Arzuxan Əlizadənin fikrincə, Gürcüstan hökumətinin yanaşması digər tərəflərə nümunə olmalıdır: “Məsələ ondadır ki, Ermənistan və Rusiyadakı, Fransadakı müəyyən dairələr Minsk Qrupunun tarix olması ilə barışmaq istəmirlər. Xüsusən də ABŞ-ın bu məsələdə göstərdiyi canfəşanlıq ümumiyyətlə, qəbul edilən deyil. Bunlar mümkünsüz olanı reallığa çevirmək istəyirlər. Anlamaq istəmirlər ki, Minsk Qrupunun vasitəçiliyi çərçivəsində tərəflər arasında sülh əldə etmək mümkünsüzdür. Gürcüstan etnik separatizmdən əziyyət çəkən ölkə olduğu üçün bizi anlayır. O üzdən, F.Rikerin statusunu doğru olaraq təqdim edirlər. Hesab edirəm ki, bu, belə də davam etməlidir. Bundan sonra hansısa həmsədrdən söhbət gedə bilməz. Bu baxımdan hesab edirəm ki, Gürcüstanın yanaşması digər tərəflər üçün nümunə olmalıdır. Başqa bir tərəfdən, Ermənistan və onların himayədarları F.Rikeri davamlı olaraq Minsk Qrupunun həmsədri kimi təqdim etsələr belə, nəticə etibarilə bu, nəyisə dəyişə bilməyəcək. Ən azından ona görə ki, 44 günlük Vətən müharibəsi birdəfəlik Minsk Qrupunun üzərindən xətt çəkdi. Müharibəyə qədər de-fakto Minsk Qrupu fiaskoya uğramışdı. Müharibədən sonra isə proses de-yure mərhələsinə qədəm qoydu”.
Partiya sədri onu da qeyd etdi ki, Ermənistan yeni reallıqları qəbul etməyə məhkumdur.
Vidadi ORDAHALLI