Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) Rusiyanın hərbi əməliyyatlara başlamasından Ukraynada 139 mədəniyyət obyektinə ziyan dəydiyini açıqlayıb. TASS-n yaydığı məlumata görə, bu barədə təşkilat öz saytında məlumat yayıb.
“Mayın 30-na olan məlumata görə, fevralın 24-dən indiyədək 139 obyektə - 62 dini bina, 12 muzey, 26 tarixi bina, 17 mədəni fəaliyyətə həsr olunmuş tikili, 15 abidə və 7 kitabxanaya ziyan dəydiyini təsdiqləyirik”, - məlumatda deyilir. Eyni zamanda, qurum UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş heç bir obyektə ziyan dəymədiyini vurğulayıb.
Ukrayna Rusiya müharibəsi hələ başa çatmayıb və nə zaman da başa çatacağı barədə hər hansı bir dəqiq məlumat yoxdur. Bu halda, UNESCO necə olub ki, belə operativ şəkildə Ukraynaya missiya göndərib monitorinq aparmağa nail olub? Bu təşkilat Azərbaycanla bağlı niyə bu qədər operativ ola bilmədi? Qurumun Ukraynaya operativ reaksiyası çox müsbətdir, amma keçən 30 ildə Azərbaycan olaraq biz bu reaksiyanı nə üçün görmədik?
“Bu birmənalı olaraq ikili standartın təzahürüdür”
Qafqaz Tarix Mərkəzinin rəhbəri Rizvan Hüseynov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu birbaşa UNESCO-nun baş direktoru Odre Azulenin bizə münasibəti ilə bağlıdır. “Keçən dəfə “Bakı-Xəbər”də Odre Azulenin Azərbaycana qarşı qeyri-konstruktiv mövqeyini və bizim regionda olan vəziyyətə yanaşmasını şərh etmişdik. Təəssüflər olsun ki, bu məsələ UNESCO rəhbərliyindən və onun ətrafından asılıdır. UNESCO rəhbərliyi bizim regionda baş verənlərlə müqayisədə həm Ukraynaya, həm də başqa ölkələrə fərqli yanaşır. Biz bunu görürük.
Bu mütləq qeyd olunmalıdır ki, müharibə gedə-gedə UNESCO öz missiyasını Ukraynaya gönədərib. Eyni zamanda da müharibə gedə-gedə dağılan abidələrin, mədəniyyət obyektlərinin və sairin hamısının qeydiyyatı gedir. Biz bu məsələdə fərqli yanaşma görürük. Bizim regionda bu qədər hadisələr baş verib, amma reaksiya görməmişik. Biz bu illər ərzində bir və ya iki dəfə güclə UNESCO və BMT-nin missiyasını o zaman işğalda olan ərazilərimizə yönəldə bilmişdik. O zaman bu barədə elə bir hesabat hazırlanmışdı ki, erməni tərəfin xətrinə dəyməsin, Azərbaycanın dağıdılmış mədəniyyət abidələri ilə bağlı dünya ictimaiyyəti geniş məlumata malik olmasın. Bu birmənalı olaraq ikili standartın təzahürüdür. Amma müharibə bitəndən sonra UNESCO öz şərtləri ilə bizim azad olunmuş ərazilərimizə gəlmək istəyir. Biz rus sülhməramlılarının müvəqqəti missiya həyata keçirdiyi, hazırda ermənilərin yaşadığı Azərbaycan ərazilərinə, həmçinin də tarixi Azərbaycan torpaqlarına, müasir Ermənistan ərazisinə - İrəvan, Göyçə, Zəngəzur və başqa mahallarımıza da də missiyanın getməsini tələb edirik. İstəyirik UNESCO ciddi monitorinq aparsın və dünya görsün ki, regionda işğalçı, vandal kimdir. Amma UNESCO buna getmir. Belə başa düşürəm ki, getməyəcək də. Əslində, Ukraynada keçirilən monitorinq çox müsbət bir işdir. Azərbaycan UNESCO rəhbərliyinə bu fikirləri çatdırmalıdır ki, ikili standart məsələsi ortaya çıxıb. UNESCO-nun Ukraynaya missiya göndərməsi, sözsüz ki, anlaşılandır, amma Azərbaycanla, bizim tələblərlə bağlı məsələnin həll olunmaması bizdə şübhələr doğurur”.
R.Hüseynovun fikrincə, gec-tez UNESCO Azərbaycanla bağlı bir mövqe bildirməli və addım atmalıdır. O hesab edir ki, UNESCO-nun Azərbaycana birmənalı olmayan münasibəti davam edərsə, bu, ikitərəfli əlaqələrə, layihələrə zərbə vurur və gələcəkdə də zərbə vura bilər.
İradə SARIYEVA