Ermənistan "Müqavimət Hərəkatı"nın rəhbərlərindən biri İşxan Saqatelyan deyib ki, 3 iyun Qarabağ üçün həlledici gündür və bizim cəmi 5 günümüz var.
O bildirib ki, iyunun 3-dək Ermənistandakı bütün siyasi qüvvələr və dövlət qurumları müxalifətin Bakı və Ankara ilə münasibətlərlə bağlı təklif etdiyi bəyanata münasibət bildirməlidir:
"Qarabağda ermənilərin mövcudluğu və Ermənistanın dövlətçiliyi üçün zəruri olan minimum tələbləri sənəd şəklində formalaşdırıblar. Kim bu sənədə qarşıdırsa, erməni xalqına qarşıdır. Əgər kimsə bu sənədin əleyhinədirsə, o ya başqa ölkənin agentidir, ya da düşmənin maraqlarına xidmət edir”.
Müxalifət liderinin sözlərinə görə, Ermənistan Milli Assambleyasının iyunun 3-də keçirilməsi nəzərdə tutulan növbədənkənar iclasına başlamazdan əvvəl bütün siyasi qüvvələr, ictimai təşkilatlar, ziyalılar, Milli Elmlər Akademiyası, bütün dövlət qurumları bu məsələ ilə bağlı qərar verməli və öz mövqelərini bildirməlidir:
“Hamını meydana dəvət edirik, bir neçə istiqamətə və bir neçə ünvana gedək. Hər kəs - öz fraksiyasının deputatlarından tutmuş hökumət üzvlərinə kimi cavab verməlidir".
Azərbaycan və Türkiyə ilə münasibətlərin indiki mərhələsində Ermənistan parlamentində belə bir sənədin qəbulu mümkündürmü?
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, hazırda istər Türkiyə, istərsə də Azərbaycanla münasibətlərin yaxşılaşmasına Ermənistanda etiraz edən bir hərəkətlənmə var: “Parlamentdən əlavə cəmiyyətdə də bir buna bir təpki nəzərə çarpır. Bu radikallıq Ermənistan cəmiyyətini uçuruma aparır. Bunun bir neçə daxili və xarici səbəbləri var. Birinci səbəb xaricdəki erməni lobbisidir. Ən maraqlısı budur ki, bu istiqamətdə dünyanın müxtəlif ölkələrindəki erməni lobbisinin bütün addımları üst-üstə düşür. Onlar hesab edirlər ki, indiki hakimiyyət erməni maraqlarına xəyanət etməkdədir. Onlar Paşinyanı güya erməmi maraqlarının ifadəsi sayılan sənədə qol çəkməyə çağırlrlar. Əks təqdirdə onun istefasını tələb edirlər. Bu çağırış bir aydan çoxdur ki, Ermənistan küçələrində səslənir. İyunun 3-də gözlənilən addımın atılması çox da inandırıcı görünmür. Çünki bununla Ermənistan öz gələcıyinin üstündən xətt çəkə bilər. Bununla Rusiya qarşısında götürdüyü öhdəliyi pozmuş olar. Eyni zamanda, ABŞ və Avropa ilə münasibətlərini gərginləşdirə bilər. Çünki sərhədlərin dəqiqləşməsi və kommunikasiyaların açılmasını bütün dünya gücləri istəyir. Eyni zamanda Avropa Birliyi bildirib ki, Ermənistana müharibənin fəsadlarının aradan qaldırılması ilə bağlı ayıracağı vəsaiti həmin ölkənin davranışına uyğun tənzimləyəcək. Bu da acından ölən Ermənistan üçün olduqca böyük həyati əhəmiyyət daşıyır. Bunun nə müxalifətə, nə də iqtidara xeyri olmadığı üçün perspekivinin olacağı inandırıcı deyil”.
Məhəmmədəli QƏRİBLİ