Ermənistan, həmişə olduğu kimi, özünün destruktiv mövqeyində qalmaqdadır. 30 ilə yaxın bir müddətdə biz müşahidə etdik ki, Ermənistan münaqişənin dinc vasitələrlə tənzimlənməsi imitasiyası ilə məşğul olur.
44 günlük Vətən müharibəsində biz Ermənistanın işğalçı ordusunu darmadağın edib, torpaqlarımızı işğaldan azad etdik. Ermənistan kapitulyasiya sənədini imzalamaq məcrubiyyətində qaldı. Lakin bundan sonrakı dövrdə də müşahidə etdik ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin ağır, məğlub durumunu yüngülləşdirmək yollarını axtarmaqdadır. Gah Avropaya üz tutur, gah da fərqli cəhdlər edir. Bununla bərabər özünün düşməni sülhə məcbur etmə strategiyasını uğurla davam etdirdi. Bu gün də davam etdirməkdədir. Paşinyanın Ermənistanın ağır, məğlub durumunu qismən də olsa yüngülləşdirmək istiqamətində etdiyi bütün cəhdlər boşa çxdı. Belə olan halda isə o, sülhdən danışmaq məcburiyyətində qaldı. Yəni bunu məcburən etdi. Avropada Şarl Mişelin iştirakı ilə baş tutan görüş zamanı da Paşinyan kifayət qədər konstruktivlik sərgilədi. Ancaq görürük ki, bundan sonra Ermənistan tərəfindən heç bir addım atılmadı.
Aprel ayının 6-da Prezident İlham Əliyev ilə Paşinyan arasında baş tutan görüş zamanı aprel ayının sonuna kimi sərhədlərin müəyyənləşdirilməsi üçün işçi komissiyasının yaradılması haqqında razılıq əldə edildi. Azərbaycan tərəfi komissiyanın tərkibini müəyyənləşdirdiyi halda Ermənistan tərəfi hansısa texniki məsələləri bəhanə gətirərək, bu günə qədər komissiyanı müəyyənləşdirməyi uzatdı. Bundan sonra may ayında Avropanın moderatorluğu ilə bir görüş də oldu. Həmin görüşün nəticələri ilə bağlı da ümidverici fikirlər səsləndi. Ancaq Paşinyan yenə də şərtlərdən yayınmaqla məşğuldur. Deyir ki, Brüsseldə heç bir dəhlizin açılması ilə bağlı razılığa gəlinməyib, statusla bağlı məsələ hələ də qüvvədədir və Qarabağla bağlı məsələ tam başqa danışıq formatında müzakirə olunacaq. Bir sözlə, bir-birinə tam zidd olan açıqlamaların şahidiyik.
Bunun üçün də Ermənistanın pozucu gedişlərini neytrallaşdırmaqdan ötrü Şarl Mişelin vasitəçiliyində nəzərdə tutulan vaxtdan da tez bir zamanda yeni görüşün keçirilməsinə ehtiyac varmı?
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, onlar bir təşkilat olaraq bu danışıqların müsbət nəticə verəcəyinə heç vaxt inanmayıblar: “Bununla Ermənistan yalnız vaxt udmağı hədəfləyir. Hətta ciddi təzyiqlərin fonunda belə, Ermənistan ən son məqamda bir bəhanə tapıb, prosesi pozacaq. Çünki hər hansı bir sənədi imzalamaq Ermənistanın maraqlarında deyil. Təbiidir ki, Azərbaycan heç bir danışıqdan imtina etməməlidir. Kim təklif edirsə, getməliyik ki, bizimlə bağlı sülhün əleyinə olan dövlət imicini formalaşdırmasınlar. Bununla yanaşı biz konkret vaxt qoymalıyıq. Məsələn, Ermənistan üzərinə götürdüyü öhdəliklərlə bağlı konkret vaxta riayət etməlidir. Bu müddətləri Azərbaycan həm Rusiya, həm də Avropa qarşısında qoymalıdır. Konkret vaxt olmayanda Ermənistan prosesi bu şəkildə pozur. İndi sabah Ermənistanda bir dövlət çevrilişi olacaq, bizə deyəcəklər ki, vaxt verin yeni hökumət özünə gəlsin? Bu bizə qətiyyən sərf eləmir. Çünki bizim ərazimizin bir hissəsi nəzarətimizdən kənardadır. Azərbaycan vaxt limiti qoymalıdır. O vaxt limiti bitəndən sonra hərəkətə keçməlidir, ya yumşaq güc tətbiq etməklə, ya da lokal hərbi əməliyyatlarla Xankəndiyə girməlidir. Bu baxımdan da Avropa Birliyinin təşkilatçılığı ilə təcili görüşə ehtiyac var. Həmin görüşdə bu şərt tərəflərə açıq bəyan edilməlidir”.
Məhəmmədəli QƏRİBLİ