Deputat Zatulinin pozucu “Qarabağ - Şuşa bəyanatlarında” Rusiya hakimiyyətinin maraqları yoxdursa...

Məhərrəm Zülfüqarlı: “Azərbaycan ən ağır dövrlərdə bir qarış ərazisindən vaz keçməyibsə, qalib olandan sonra güzəştə gedərmi?”

img

Baxmayaraq ki, Erməmistanda antirus ritorikası hər keçən gün daha da artır, amma Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin erməni sevgisi azalmır. Əksinə, bir az da genişlənir.

Bütün bunların nəticəsidir ki, o, yenidən ermənilərin qəlbini “riqqətə” gətirəcək açıqlama verib. Zatulin həyasızcasına bəyan edib ki, Qarabağ “müstəqil” olmalıdır. Zatulin qeyd edib ki, Qarabağ məsələsi hələ 1994-cü ildə həll edilə bilərdi. “Həmin vaxt əlverişli imkan və fürsət yaranmışdı. Lakin şans qaçırıldı”.

Zatulin bildirib ki, Şuşa şəhəri bütün sənədlərdə qeyd olunan 7 rayona daxil deyil: “Şuşanın məlum 7 rayona heç bir aidiyyəti yoxdur. Ona görə də, Qarabağ ermənilərinin öz müqəddəratlarını təyin etmək hüququ olmalıdır. Qarabağ “müstəqil” olmalıdır”.

Qeyd edək ki, K.Zatulin Rusiya Dövlət Dumasının deputatından daha çox, Ermənistanın vəkili kimi şıxış edir. Onun bütün açıqlamalarında Azərbaycana qarşı qəzəb var. O, erməni diasporundan yallanan deputatların başında dayanır. Onun üçün Rusiyanın maraqları yox, ermənilərin maraqları prioritetdir. Zatulinin sonuncu açıqlaması isə həyasızlığın son həddidir.

  • “Zatulinin bu cür həyasız açıqlama ilə çıxış etməsi böyük dövlət olan Rusiyanın ikibaşlı siyasətindən irəli gəlir"

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlının sözlərinə görə, Zatulinin sərsəmləməsinin heç bir əhəmiyyəti yoxdur: “Azərbaycan ən ağır dövrlərdə bir qarış ərazisindən vaz keçməyibsə, qalib olandan sonra güzəştə gedərmi? Zatulin fikirləşmir ki, o, çoxmillətli bir ölkənin deputatıdır. Onun separatçı fikirləri perspektivdə Rusiya üçün də təhdid yaradır. Bir də böyük dövlətlərin siyasətinə baxanda biz görürük ki, ölkənin birinci şəxsi bir söz, deputatı başqa bir söz deyir. Ötən il prezident Vladimir Putin açıq şəkildə dedi ki, Qarabağ Azərbaycan ərazisidir. Ancaq Zatulinin bu cür həyasız açıqlama ilə çıxış etməsi böyük dövlət olan Rusiyanın ikibaşlı siyasətindən irəli gəlir. Bunlara tapşırıqlar verilir. Müəyyən şəxslər Ermənistanın, müəyyən şəxslər də Azərbaycanın xeyrinə danışır. Bunu biz 1988-ci ildə Qarabağ məsələsi başlayanda da gördük. Moskvadan Mərkəzi Komitəni təmsil edən şəxslərdən biri İravana gedib bir şey danışırdı. Bakıya göndərilən digər katib isə tamamilə başqa bir şey danışırdı. Rusiyanın həmin siyasəti bu gün də davam edir. Ona görə də biz bu məsələdə ayıq olmalıyıq. Bütün sahələrdə mövqelərimizi gücləndirməliyik”.

Professor hesab edir ki, güclü olduğumuz halda bizə qarşı olan planlar həyata keçməyəcək.

Vidadi ORDAHALLI

Son xəbərlər