“Biz iqtisadiyyatı gücləndirməli idik və yaxşı başa düşürdük ki, buna nail olmasaq, biz düşməni torpaqlarımızdan qova bilməyəcəyik. İlk növbədə iqtisadi müstəqillik təmin edilməli idi. Çünki əgər biz asılı vəziyyətdə olsaydıq, hansısa başqa böyük dövlətlərdən asılı olsaydıq, heç vaxt bizə imkan verməzdilər ki, biz bu şərəfli missiyanı yerinə yetirək”.
Bu fikirləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxışı zamanı səsləndirib. Prezident İlham Əliyev çıxışı zamanı qeyd edib ki, bu gün dünya miqyasında iqtisadi potensial baxımından və iqtisadi sabitlik baxımından Azərbaycan birinci sıralardadır: “İqtisadi müstəqillik əldə edilməsəydi, siyasi müstəqillikdən söhbət gedə bilməzdi. Biz asılı vəziyyətdə ola bilərdik. Necə ki, bu gün bir çox ölkələr asılı vəziyyətdədir və məhz buna görə öz iradəsini ortaya qoya bilmirlər”.
“150-dən çox ölkə maliyyə yardımının göstərilməsi üçün Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına üz tutdu, ancaq Azərbaycan bu siyahıda olmadı”
İqtisadi sabitlik baxımından Azərbaycanın birinci sıralarda olması barədə fikir bildirən iqtisadçı ekspert Pərviz Heydərov dedi ki, son illər Azərbaycan iqtisadiyyatında sabitlik hökm sürür: “Azərbaycan iqtisadiyyatında inkişafın, sabitliyin yaşandığını pandemiya şəraitində də müşahidə etdik. Bir çox ölkələr pandemiya ilə əlaqədar olaraq bir çox iqtisadi sahələri məhdudlaşdırdı. Bunun nəticəsində isə həmin ölkələrdə böyük maliyyə çətinliyi yaşandı. 150-dən çox ölkə maliyyə yardımının göstərilməsi üçün Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına üz tutdu. Ancaq Azərbaycan bu siyahıda olmadı. Ölkəmizdə də pandemiya ilə əlaqədar olaraq müəyyən qapanmalar olsa da, iqtisadi çətinlik qeydə alınmadı. Nə manatın dəyəri itdi, nə də güclü valyuta ehtiyatından istifadə edildi. Bu ilin may ayından etibarən isə ölkə iqtisadiyyatında inkişaf qeydə alınmağa başlayıb. Bütün iqtisadi göstəricilər onu deməyə əsas verir ki, ölkədə vəziyyət sabitdir”.
Günel CƏLİLOVA