Azərbaycan-Türkiyə-Pakistan xüsusi təyinatlı qüvvələrinin Bakı təliminə KTMT-nin cavab təlimi?

Ramil Məmmədli: “Bununla Rusiya öz ismarıcını verir ki, onlar Ermənistanı tək buraxmayıblar”

img

KTMT-nin narkotiklərlə mübarizə xidmətləri, daxili işlər və xüsusi xidmət bölmələrinin iştirakı ilə sentyabrın 24-28-də Ermənistanda "Qrom-2021" xüsusi hərbi təlimi keçiriləcək.

Bunu KTMT-nin mətbuat katibi Vladimir Zeynəddinov açıqlamasında bildirib.

O qeyd edib ki, birinci mərhələdə KTMT üzv dövlətlərin səlahiyyətli orqanlarının və Ermənistan Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının birgə qurupları çətin relyefli dağlıq ərazidə təlim və praktiki tapşırıqları sınaqdan keçirəcək. Eyni zamanda, KTMT Hava Hücumundan Müdafiə Qüvvələri (HHM) Operativ Qərargahının operativ heyəti ilə komanda məntəqəsi bölgəsində xüsusi bir əməliyyatın planlaşdırılması və keçirilməsi istiqamətində çalışacaq.

Mətbuat katibinin sözlərinə görə, təlim tapşırıqlarının həlli prosesində KTMT üzv ölkələrinin xüsusi təyinatlıları Ermənistan Silahlı Qüvvələrinin bölmələri və sərhəd qoşunları ilə əməkdaşlıq edəcək:

"Təlimin ikinci mərhələsində silahdan taktiki atıcılıq yarışları keçiriləcək, xüsusi təyinatlıların birgə operativ-döyüş qrupları tərəfindən əhəmiyyət kəsb edən problemləri həll etmək üçün əməliyyatlar aparılacaq".

Məlum olduğu kimi, bugünlərdə Azərbaycan-Türkiyə-Pakistan xüsusi təyinatlılarının təlimlərinə biz ev sahibliyi etdik. KTMT-nin bunun ardınca Ermənistanda təlimə start verməsi buna cavab xarakterli ola bilərmi?

Hərbi-siyasi ekspert Ramil Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,  Ermənistanda keçiriləcək təlimlərin istiqaməti sırf hərbi təyinatlı olmadığı üçün burada birmənalı nəsə söyləmək olmaz: “Bir faktı xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanda keçirilən həmin təlimlər Ermənistanda ciddi narazılığa səbəb olub. KTMT-nin yeni təlimləri də dolayı məna daşıyır. Bununla Rusiya öz  ismarıcını verir ki, onlar Ermənistanı tək buraxmayıblar. Rusiyanın Ermənistanda hərbi mövcudluğu var. Bilirsiniz ki, həmin ölkədə Rusiyanın hərbi bazası mövcuddur. Bu təlimlərlə Rusiya həm də sübut edir ki, hətta Ermənistanın başqa sahələrinə aid olan təhlükəsizlik məsələləri də onların birbaşa nəzarətindədir. Bu bir daha göstərir ki, Ermənistan  BMT-də müstəqil ölkə kimi qeydiyyatdan keçsə də, bundan əsər-əlamət yoxdur. Belə olmasaydı, bu tipli təlim orada həyata keçirilməzdi. Çünki həmin təlimlərin mahiyyəti ölkədaxili mövzunu əhatə edir. Xüsusi xidmət orqanlarının da Rusiyanın nəzarətində olması göstərir ki, həmin ölkəni Rusiya öz daxili ərazi vahidi kimi qəbul edir. Biz ehtimal edirdik ki, Nikol Paşinyan  Rusiyanın Ermənistanda mövcudluğunu azaldacaq, ancaq tam tərsini görürük.  Əksinə, Paşinyan hakimiyyəti Rusiyanın Ermənistandakı əl-qolunu daha da açıb. Belə ismarıclar bizi qətiyyən narahat etmir. Çünki Azərbaycanın kiminsə ərazisində gözü yoxdur. Biz öz ərazi bütövlüyümüzü təmin etmək uğrunda müharibə aparmışıq. Hazırda  isə Ermənistanın üzərinə götürdüyü öhdəliklıəri yerinə yetirməkdə maraqlıyıq. Təlimlərə gəldikdə isə, bizim müstəqil ölkə kimi ərazimizdə öz müttəfiqlərimizlə təlim keçirməyə hüququmuz çatır. Bundan kimlərinsə narahat olması bizi rahatsız etməməlidir. Çünki biz heç bir ölkənin daxili işinə qarışmırıq. Ermənistandan fərqli olaraq, Azərbaycanın xüsusi xidmət orqanları ölkəmizin təhlükəsizliyini öz gücünə təmin etməyə qadirdi. KTMT-ni hər zaman bizə qarşı yönəltməyə çalışıblar, ancaq biz buna heç vaxt əsas verməmişik, bundan sonra da verməyəcəyik”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər