İranda bəzi dairələrin anti-Azərbaycan çıxışları azərbaycanlıları qəzəbləndirdi - vaxt verildi...

Azər Həsrət: “Soydaşlarımızın bu tələbi gözlənilən idi”

img

İran İslam rejiminin Ermənistanla “can bir qəlbdə olması”, “ayrılmaz cana” çevirilməsi, bu gün də ermənilərə dəstəyini davam etdirməsi və üstəlik də Azərbaycana yönəlik qəbuledilməz mövqeyi ölkədə yaşayan soydaşlarımızı ciddi narahat edir.

Yerli KİV-də yayılan məlumatlara görə, sosial şəbəkələr üzərindən etirazını ifadə edən güney azərbaycanlılar İrana sentyabrın 27-nə – Vətən müharibəsinin başlanmasının birinci ildönümünə qədər vaxt veriblər. Həmyerlilərimiz rəsmi Tehrandan Azərbaycana qarşı qərəzli münasibətdən əl çəkməyi tələb edirlər. Azərbaycana münasibətdə müsbət dəyişiklik baş verməyəcəyi təqdirdə İran əhalisi arasında çoxluq təşkil edən azərbaycanlıların ayağa qalxacağı, kütləvi aksiyalarla ölkə rəhbərliyinə etiraz edəcəyi bildirilir. İranda yaşayan azərbaycanlı fəallar istənilən vaxt etiraz aksiyalarına hazır olduqlarını deyirlər.

  • “İranı idarə edənlər səhv buraxdıqları zaman güney azərbaycanlılar, bütövlükdə İrandakı türklər ayağa qalxır və onlara öz yerini göstərirlər”

Soydaşalarımızın bu münasibəti gözlənilən idimi? Məsələyə münasibət bildirən siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə bildirdi ki, əslində bu gözlənilən idi. “Şübhəsiz ki, Güney Azərbaycandakı soydaşlarımızın bu davranışı gözlənilən idi. Güney Azərbaycandakı, bütövlükdə İrandakı soydaşlarımız bu dövləti idarə edənlərin, ali dini rəhbərliyinin Azərbaycan Respublikasına qarşı münasibətindən həmişə narazı olub, indi də narazıdır. Üstəlik də, belə əsassız iddialar irəli sürən dini liderlər anlamalı idi ki, bununla yalnız Quzey Azərbaycanı deyil, həm də Güney Azərbaycanı, bütövlükdə İran türklərini narahat etmiş olurlar. O narahatlığın qarşılığı olaraq da güneyli soydaşlarımız elə həm gündən sosial media üzərindən, yaxud ayrı-ayrı vasitələrlə öz etirazlarını bildirirlər, İranın dini liderlərinə öz səhvlərini düzəltmələri üçün çağırışlar edirlər. Yəni soydaşlarımızın bu tələbi gözlənilən idi. Biz demişik ki, bu məsələdə İranı idarə edənləin daha ağıllı davaranması məsləhətdir. Çünki onların Azərbaycan Respublikasına qarşı münasibəti uyğun olmazsa, qıcıqlandırıcı, əsəbiləşdirici olarsa çanaq öz başlarında çatlayacaq. Adamlar anlamırlar ki, ölkə əhalisinin yarısı elə Quzey Azərbaycanla eyni millətdir. Anlamaq istəmirlər bunu. Ona görə də ara-sıra belə səhvlər buraxırlar. İranı idarə edənlər səhv buraxdıqları zaman da güney azərbaycanlılar, bütövlükdə İrandakı türklər ayağa qalxır və onlara öz yerini göstərirlər”.

A.Həsrətin bildirdiyinə görə, vaxt olub ki,  azərbaycanlıların, bütövlükdə türklərin ayağa qalxması səhv buraxanların üzr istəməsinə, səhvini etiraf etməsinə səbəb olub. “Mənə elə gəlir ki, indi də bu adamlar, az-çox ağılları yerindədirsə, hadisələrin daha da qızışmaması üçün üzrxahlıq etməli, hədlərini bilməlidirlər, Azərbaycan Respublikası haqqında danışarkən ölçülü-biçili olmalıdırlar” deyə A.Həsrət qeyd etdi.

İradə SARIYEVA

Son xəbərlər