Rusiyanın vitse-premyerinden təəccüblü bəyanat - necə yəni Zəngəzur dəhlizi müzakirə edilmir?!

Arzuxan Əlizadə: “Hər zaman olduğu kimi, Rusiya yenə ikili oyun oynayır”

img

Sentyabrın 20-də Rusiya-Ermənistan biznes-forumu başlayıb. Sözügedən biznes-forumda iki ölkənin baş nazir müavinləri, nazirlər, iri biznes təmsilçiləri iştirak edir.

Rusiya baş nazirinin müavini Aleksey Overçuk İrəvanda keçirilən biznes-forum çərçivəsində deyib ki, üçtərəfli komissiya dəhliz məsələsini müzakirə etmir: “Dəhliz məsələsi müzakirə olunmur. Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması müzakirə edilir. Üçtərəfli işçi qrupu görüşlər keçirir. Sayca yeddinci olan sonuncu görüş avqustun ortalarında Moskvada olub. Bütün tərəflər regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına köklənib. Bunu necə etmək barədə müzakirələr gedir”. A.Overçukun bu cür açıqlaması, əslində, dolayı da olsa, ermənilərin dediyini təsdiq etmək və ya ona dəstək vermək deməkdir. Necə yəni dəhliz məsələsi müzakirə olunmur? Rusiya rəsmisinin bu cür ikibaşlı, ziddiyətli danışması nə deməkdir?

  • “Ermənistanın bu addımları sülhün təmin olunmasına əngəl yaratmaqdadır”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP sədri Arzuxan Əlizadə hesab edir ki, belə yanaşma yalnız Ermənistanın maraqlarına xidmət edir: “Görünən odur ki, Rusiya baş nazirinin müavini Aleksey Overçuk erməni siyasi cameəsinin işlətdiyi ifadələri möhkəmləndirir. Əslində Şərqi Zəngəzurla Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin hər iki istiqamətdə maneəsiz hərəkətinin təmin olunmasını Ermənistan 10 noyabr bəyannaməsini imzalayaraq öz üzərinə götürüb. Müqavilədə, eyni zamanda, zəmanəti Rusiya Federal Təhlükəsizlik Xidməti öz üzərinə götürməklə nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini həyata keçirilməsinə təminat verib və buna dair sənəddə prezident Putinin imzası da var. Məsələ bu yolun dəhliz adlandırılmasında deyil. Məsələ Rusiya və Ermənistan tərəfinin bu məsələdə görüntü yaratmaqla prosesi uzatmağa çalışmasıdır. Məhz Ermənistanın bu addımları sülhün təmin olunmasına əngəl yaratmaqdadır. Vaxt getdikcə daralır, qoy yaxşıca düşünsünlər. Görsünlər ki, vəziyyətin belə davam etməsi kimin xeyrinədir. Tezliklə nəqliyyat xətləri açılmayacaqsa, itirən tərəf, əlbəttə, Ermənistan olacaq. Onlar elə bilirlər ki, Ermənistan dəhliz məsələsinə razı olmasa, başqa istiqamətlərdə kommunikasiyalar açılacaq. Ancaq yanılırlar. Zəngəzur dəhlizi açılmadan digər kommunikasiyalar açılmayacaq”.

Partiya sədri onu da qeyd etdi ki, hər zaman olduğu kimi, Rusiya yenə ikili oyun oynayır.

Vidadi ORDAHALLI

Son xəbərlər