Müharibə günlərində Ermənistan “Arsaxı” niyə tanımadı? - erməni mediası “köhnə palan içi sökməyə” başladı...

Ramil Hüseynov: “İrəvan separatçı rejimi tanısaydı, o zaman Azərbaycan Ordusu sona qədər gedəcəkdi”

img

Zaman-zaman erməni və rus mediasında Ermənistanın Qarabağdakı separatçıların “müstəqilliyini” tanıması məsələsi müzakirə olunub. Bəzi ermənipərəst dairələr hesab edirlər ki, Ermənistan İkinci Qarabağ müharibəsində bu addımı atsaydı guya bu, onların xeyrinə olacaqdı.  

Bu arada erməni mediası Ermənistanın 27 sentyabr 2020-ci ildən sonra “Artsax”ın “müstəqilliyini” nəyə görə tanımadığının səbəblərini açıqlayıb. Qeyd edilir ki, iki səbəbdən ölkə hakimiyyəti bu addımı atmağa cəsarət etməyib: “Birincisi, Ermənistan hökuməti düşünürdü ki, müharibə gedən bir vaxtda “Artsax”ın müstəqilliyini tanısa, o zaman Azərbaycan bunu təcavüz aktı kimi anlayacaq və artıq müharibəni Ermənistan ərazisində aparacaq. Üstəlik İrəvan da daxil olmaqla digər böyük şəhərləri bombalayacaq. İkinci səbəb, Rusiya Azərbaycanla razılaşmanı qorumaq üçün Ermənistana təzyiq göstərdi ki, “Artsax”ın müstəqilliyini tanımasın. Əks halda rəsmi Bakı heç vaxt rus sülhməramlılarının iştirakına razı olmazdı”.

O da qeyd edilir ki, indi vəziyyət daha da gərgindir. Çünki  hazırda danışıqlar prosesi yoxdur. Azərbaycan “Artsax”ın hər hansı bir statusu haqqında danışmaqdan, Ermənistan isə hələ də  qondarma rejimin “müstəqilliyini” tanımaqdan imtina edir. “Artsax”ın Ermənistan üçün nə demək olduğu qeyri-müəyyəndir.

Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən Yeni Yol Partiyasının sədri Ramil Hüseynovun fikrincə, Ermənistan belə bir addım atsaydı, o zaman bu, onlar üçün daha pis nəticələnəcəkdi: “Əvvəla, Ermənistan müharibədən əvvəl bucür avantürist addım atsaydı, o zaman bütün danışıqların üstündən xətt çəkmiş olardı. Danışıqların alternativi isə müharibədir. Müharibədən əvvəl ATƏT-in Minsk Qrupu həmsədrliyi ilə aparılan mənasız danışıqlar onsuz da Ermənistanın məraqlarına cavab verdiyi üçün rəsmi İrəvan buna getməyi lazım bilmirdi. Üstəlik Ermənistanı himayə edən dairələrdə bunu onlara məsləhət görmürdülər. Çünki hesab edirdilər ki, ərazilərin işğal altında qalması və ötən zaman Ermənistanın xeyrinə işləyir. Həqiqətən də onlar İkinci Qarabağ müharibəsinin baş verəcəyini və bunun bizim xeyrimizə yekunlaşacağını təsəvvür belə etmirdilər. O da məlumdur ki, müharibə başlanandan sonra sözügedən məsələ ilə bağlı Nikol Paşinyana çağrışlar oldu. Guya separatçı rejimi tanımağın vaxtıdır. Fikrimcə, həmin dövrdə Paşinyana bununla bağlı xarici dəstək, hansısa zəmanət olmadığı üçün o, belə bir təxribatçı addımı atmağa cəsarət etməyib. Başqa bir tərəfdən, İrəvan separatçı rejimi tanısaydı, o zaman Azərbaycan Ordusu sona qədər gedəcəkdi. Nəticədə heç bir qüvvə bizə Xankəndini azad etməyə mane ola bilməzdi”.

Partiya sədri hesab edir ki, bütün bunlar Ermənistan hakimiyyətini belə bir təxribatdan çəkindirib.

Vidadi ORDAHALLI

Son xəbərlər