Ermənistan Azərbaycanı beynəlxalq məhkəməyə verib. Ermənistanın iddiasında deyilir ki, “Azərbaycan onilliklər ərzində erməniləri etnik diskriminasiyaya məruz qoyub”. Ermənistan BMT-nin ən yüksək məhkəmə instansiyasına ünvanladığı iddiada Azərbaycanı, Qarabağda son müharibə də daxil, “onilliklərdir Ermənistan vətəndaşlarına və etnik ermənilərə qarşı insan haqları pozuntularında” ittiham edib. Ermənistanın iddiasında deyilir: “Azərbaycan onilliklər ərzində dövlət səviyyəsində yürüdülən erməni nifrəti siyasəti ilə erməniləri etnik diskriminasiyaya məruz qoyub”.
Bu barədə məlumatı sentyabrın 16-da Haaqada mənzillənmiş Beynəlxalq Cinayət Məhkəməsi (BCM) yayıb. Məhkəmənin məlumatında deyilir ki, İrəvanın ittihamına görə, “ermənilər sistematik diskriminasiyaya, kütləvi qırğınlara, işgəncə və başqa insan haqları pozuntularına məruz qalmalı olublar”. Məlumatda qeyd olunur ki, Ermənistan bu insan haqları pozuntularının, “vətəndaşlığından asılı olmayaraq bütün erməni millətindən olanlara” tətbiq olunduğunu iddia edir.
Ermənistan habelə iddia edir ki, “bütün bu hərəkətlər Azərbaycanın 2020-ci ilin sentyabrında Dağlıq Qarabağa və Ermənistana qarşı təcavüzündə bir daha təzahür edib”.
Irəvan bildirib ki, Ermənistanın Azərbaycanın sözügedən Konvensiyanı pozmasına son qoyulması üçün bütün cəhdləri boşa çıxıb. Ermənistan BCM-i “son dərəcə təcili” bu məsələ üzrə “keçid tədbiri” görməyə, “Ermənistanın və ermənilərin hüquqlarının qorunub saxlanmasına və iddialar sübut olunanadək bu mübahisənin pisləşməsinin və uzanmasının qarşısını almağa” çağırıb. Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, Azərbaycan dövləti özünü qətiyyətli bir şəkildə müdafiə edəcək və Ermənistana qarşı onun iddiasında adı çəkilən pozuntular üzrə əks-iddia qaldıracaq.
Ermənistanın qaldırdığı sərsəm iddiadan görünür ki, onlar növbəti həyasızlıqlarını işə salıblar. Çünki iddia ərizəsində qeyd olunanların çoxunu onlar bizə qarşı törədiblər. Yaxşı olardı ki, biz erməniləri bu məsələdə qabaqlayardıq. Təəssüf ki, bu dəfə də yaramaz düşmənə şans vermiş olduq. Bu iddia ərizəsinin nə kimi perspektivi ola bilər və Azərbaycan hansı addımları atmalıdır?
Milli Qeyri Hökumət Forumunun prezidenti Rauf Zeyni “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan bununla növbəti beynəlxalq abırsızlığa əl atıb: “Çünki bir millətə qarşı soyqırım, işğalçılıq, terror və başqa beynəlxalq cinayətlər törədən ölkənin başqasını bu iddialarla məhkəməyə verməsinə bundan yumşaq ad vermək olmaz. Ermənistan bizə qarşı törətdiklərinə görə Azərbaycandan beynəlxalq miqyasda üzr istəməlidir. Heç olmasa özünü xilas etmək, bizimlə münasibəti normallaşdırmaq üçün bu yola baş vurmalıdır. Bunun əvəzində, bizə qarşı məhkəmə iddiası qaldırır. Həmin iddia ərizəsindəki “dəlillərin” hər birini ermənilər bizə qarşı törədib. Azərbaycan xalqı və dövləti heç bir millətə qarşı etnik ayrıseçkilyə, bu zəmində təqibə yol verməyib. Əksinə, bizi bütün dünya multikultralizm mərkəzi olaraq qəbul edir. Bizim ərazimizdə yaşayan bütün xalqlar bunu təsdiq edə bilər. Hətta bizim ərazimizdə 10 minlərlə erməni əsilli vətəndaş hazırda da yaşayır. Ermənistan isə monoetnik bir ölkə halına gəlib. Bütün başqa millətləri onlar öz ərazilərindən çıxarıblar. Bununla Ermənistan dünya ictimaiyyətinin diqqətini özündən yayındırmaq istəyir. Çünki üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Azərbaycanın Ermənistandan təzminat almaq fikri var. Bununla bağlı beynəlxalq məhkəməyə müraciət etməyi də planlayırıq. Görünür, bu addımı ilə Ermənistan bizi qabaqlamaq istəyir. Biz işğal zamanı iqtisadiyyatımıza, mədəni irsimizə vurulan ziyanla bağlı dəqiq araşdırmalar aparırıq. Ona görə də iddia ərizəmiz gecikib. Biz Ermənistan kimi yalnız kağız parçasını ora göndərməyəcəyik. XİN-dən də bildirilib ki, qarşılıqlı iddia qaldırılacaq. Əminəm ki, bizim təqdim edəcəyimiz dəlillər Ermənistanın bütün arqumentlərini darmadağın etmək gücündə olacaq. Bütün dünya da kimin-kim olduğunu gözəl bilir. Azərbaycan bu istiqamətdə bütün müvafiq tədbirləri görməlidir”.
Məhəmmədəli QƏRİBLİ