Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Miqrasiya məsələləri üzrə komitəsi Ermənistanı Azərbaycanın əvvəl işğal altında olmuş ərazilərində quraşdırılan bütün minaların xəritələrini verməyə çağırıb. Bu barədə AŞ PA məlumat yayıb.
Eyni zamanda, komitə İkinci Qarabağ müharibəsindən sonra qısa və uzunmüddətli perspektivdə humanitar fəsadların aradan qaldırılması üçün tərəflərə tövsiyələr hazırlayıb. Komitə noyabrda atəşin dayandırılmasından sonra 159 azərbaycanlının minaya düşməsi nəticəsində ölməsi və ya yaralanması ilə bağlı təəssüfləndiyini ifadə edib və Ermənistanı dərhal əlində olan mina xəritələrini təhvil verməyə çağırıb.
Belə görünür ki, AŞPA minalar xəritəsi məsələsində Ermənistana qarşı daha prinsipial mövqedən çıxış edir, nəinki həmsədr dövlətlər. Hansı ki, uzun illər ATƏT-in Minsk Qrupu tərəflər arasında vasitəçilik mandatına sahib olan qurum olub. Bu baxımdan, əslində Minsk Qrupu bununla bağlı ilk çağırış edən təşkilat olmalı idi. Ancaq biz görürük ki, Minsk Qrupu buna görə heç özünü narahat etmir. Hansısa humanitar xarakterli çağırışla belə çıxış etməyən Minsk Qrupu, üstəlik, utanmadan yenidən vasitəçilik etmək istəyir. O baxımdan bütün bunları ekspertlər necə dəyərləndirir?
“Azərbaycan Avropa İttifaqına daxil olan Mərkəzi, Cənub Şərqi Avropa dövlətlərinin enerji təhlukəsizliyinə muhum töhfə verən dövlətlərdəndir”
Məsələyə münasibət bildirən politoloq Elşən Manafov buna bir neçə rakursdan yanaşdı: “AŞPA-nın minalanmış ərazilərin xəritələrinin Azərbaycana təhvil verilməsi ilə baglı məsələlərdə ATƏT-in Minsk Qrupu ilə muqayisədə daha obyektiv və ədalətli mövqe sərgiləməsi anlaşılandır. Çünki Azərbaycan Avropa İttifaqına daxil olan Mərkəzi, Cənub Şərqi Avropa dövlətlərinin enerji təhlukəsizliyinə muhum töhfə verən dövlətlərdəndir. Digər tərəfdən, geostrateji baxımdan mühüm əhəmiyyət kəsb edən nəqliyyat kommunikasiya yollarının üzərində yerləşir. Rusiya münaqişə zonasına ATƏT-dəki iki həmsədr dövlətlə məsləhətləşmələr aparmadan, münaqişə tərəflərinin razılığı ilə öz sülhməramlılarını yerləşdirdikdən sonra Minsk Qrupunda bununla baglı ziddiyyətlər artıb. Minsk Qrupu bir məsələdə həmrəydir, o da Daglıq Qarabağdakı erməni icmasına statusun verilməsi məqsədilə danışıqların bərpa edilməsində. Digər tərəfdən, ABŞ və Fransa qərbyönümlü Paşinyan hökuməti vasitəsilə Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaq istəyir. Rusiya isə Paşinyana etibar etmir, bununla belə, Ermənistanın muttəfiq dövlət oldugunu nəzərə alaraq, burada anti-Rusiya ovqatının daha da artmasına yol verməmək üçün ona təzyiq etmir. Fransa Ermənistanla bacı dövlətdir. Digər tərəfdən, Fransada və ABŞ-da seckilərə erməni diasporasının təsir imkanları da adicəkilən dövlətlərin ermənilərə həssas munasibətlərinin səbəblərindəndir. Nəhayət, AŞPA-nın bu məsələdə bizim maraqlarımıza xidmət edən mövqe sərgiləməsi Azərbaycan diplomatiyasının, habelə Milli Məclisin Avropadakı numayəndə heyətinin ugurlu işi ilə də əlaqədardır”.
Politoloq hesab edir ki, mina xəritələri ilə bağlı Ermənistana siyasi təzyiqlər artırılmalıdır..
Vidadi ORDAHALLI