İnsanların dolanışığı üçün məsuliyyətin böyük hissəsi icra başçılarının üzərindədir...

Rəsul Cahangirli: “Əsas məsələ rayonda sağlam işgüzar biznes mühitinin yaradılmasıdır”

img

“Artıq hər kəs başa düşüb ki, dövlət məmuru nümunə olmalıdır, yerlərdə insanların dolanışığı, insanların rahatlığı dövlət məmurunun fəaliyyətindən asılıdır”. Bu sözləri Prezident İlham Əliyev Rafiq Cəlilovu Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı və Rəşad Tağıyevi Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Dövlət başçısının fikrincə, məmurlar elə işləməlidir ki, daim insanlarla bir yerdə olsunlar: “Mənim tövsiyələrimin içində bu tövsiyə də həmişə xüsusi yer tutur. Sizə də deyirəm, siz insanların arasında olmalısınız, onlarla daim təmasda olmalısınız, onların qayğıları ilə yaşamalısınız və çalışmalısınız ki, imkan daxilində onlara kömək edəsiniz. Dövlət tərəfindən, mərkəzi icra orqanları tərəfindən rayonların inkişafı ilə bağlı böyük işlər görülüb, işlərin böyük hissəsi görülüb. Siz yerlərdə elə işləyin ki, rayonlar daha sürətlə inkişaf etsin. İndi bizim bir çox rayonlarımız artıq mərkəzdən dotasiya almır. Ancaq 10 il bundan əvvəl demək olar ki, rayonların mütləq əksəriyyəti dotasiya alırdı. Nə üçün? Çünki yerlərdə yığılan vəsait məmurların cibinə gedirdi, dövlət xəzinəsinə, dövlət büdcəsinə yox, məmurların cibinə. Amma aparılan islahatlar nəticəsində indi bir çox rayonlar artıq dotasiya almır”.

Bütün bu deyilənlərin fonunda insanların dolanışığını təmin etmək üçün icra başçıları hansı işləri görməlidir?

  • “Elə icra başçıları var ki, bir dəfə də olsun ucqar kəndlərə getmir, onların sosial problemləri ilə maraqlanmır”

Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, icra başçıları insanların dolanışığını təmin etmək üçün bir sıra işlər görməlidir: “Əvvəla, həqiqətən də rayonlarda daha çox əhalinin dolanışığının təmin olunması icra başçısının fəaliyyətindən asılıdır. Bunun üçün ilk növbədə icra başçısı düzgün işləməli və ədalətli olmalıdır. Mütəmadi olaraq sakinlərin içində olmalı, rayon mərkəzinə uzaq olan kəndlərin sosial durumunu, onların inkişafı üçün hansı addımların atılmasının vacib olduğunu gündəmə gətirməlidir. Nazirlər Kabinetinə bununla bağlı təqdimat göndərməlidir. Elə icra başçıları var ki, bir dəfə də olsun ucqar kəndlərə getmir, onların sosial problemləri ilə maraqlanmır. Nəticədə dolanışıq olmadığına görə həmin kəndlər boşalır. Əsas məsələ rayonda sağlam işgüzar biznes mühitinin yaradılmasıdır. Bu, bilavasitə icra başçısının iradəsindən, idarəçilik qabiliyyətindən asılı olan məsələdir. Belə olsa, o zaman yerli sahibkarlar tərəddüd etmədən sərmayə yatıracaqlar və daha çox insanın məşğulluq problemi öz həllini tapacaq. Bu isə daha çox ailənin dolanışığının təmin olunması deməkdir. Bu gün rayonlarda bununla bağlı ciddi problemlər var. İcra başçıları yerli sahibkarlara birokratik əngəllər yaradır və nəticədə onlar sərmayə qoymaq istəmir. Aztəminatlı ailələrin işlə təmin edilməsi ilə bağlı proqramlar var ki, sosial yönümlü olan bu işlər dövlət büdcəsindən maliyyələşdirilir. İcra başçıları düzgün işləsə, xeyli sayda rayon sakinini bu minvalla işlə təmin etmək mümkün olacaq. Ancaq təəssflər olsun ki, bu məqsədlə ayrılan vəsaitlər bir sıra hallarda mənimsənilir”.

Ekspert hesab edir ki, icra başçılarının fəaliyyətinə ciddi içtimai nəzarət olmalıdır.

Vidadi ORDAHALLI

Son xəbərlər