Azərbaycan Gömrük Komitəsi süverenliyimizi pozan İran maşınları ilə qanuni davranış üsulunu tapdı...

Ruslan Atakişiyev: “Beynəlxalq aləmdə qəbul olunmuş qaydaya əsasən, başqa bir ölkənin ərazisindən keçənlər mütləq yol vergisini ödəməlidir”

img

Son günlər erməni mətbuatında Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsində Azərbaycan tərəfinin İrana məxsus yük maşınlarından vergi pulu tələb etməsi ilə bağlı xəbərlər yayılıb. Dövlət Gömrük Komitəsi kütləvi informasiya vasitələrində yayılan bu məlumatlarla bağlı açıqlama yayıb.

Açıqlamada deyilir ki, Azərbaycan Vergi Məcəlləsinin 210-cu maddəsinə əsasən, ölkə ərazisinə daxil olan və ölkə ərazisini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələri yol vergisinin vergitutma obyektidir. Bu Məcəlləyə əsasən, avtonəqliyyat vasitələri yol vergisinə, “Dövlət rüsumu haqqında” Qanunun 24-cü maddəsinə əsasən ölkə ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumuna cəlb edilir.

Hazırda gömrük orqanları tərəfindən qanunvericilikdə bu istiqamətdə nəzərdə tutulan müddəaların yerinə yetirilməsi bütün ölkə ərazisi üzrə təmin olunur.

  • “Erməni mətbuatının Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsində Azərbaycan tərəfinin İrana məxsus yük maşınlarından pul tələb etməsi iddiası ilə çıxış etməsi düzgün deyil”

Mövzu ilə bağlı fikir bildirən iqtisadçı ekspert Ruslan Atakişiyev bildirdi ki, beynəlxalq aləmdə qəbul olunmuş qaydaya əsasən, başqa bir ölkənin ərazisindən keçənlər mütləq yol vergisini ödəməlidir: “İran yük maşınları Azərbaycan ərazisindən keçərək Ermənistana gedir. Həmin maşınlar Azərbaycan ərazisindən istifadə etdiyi üçün yol vergisini ödəməlidir. Məsələn, kimsə Gürcüstandan İrana keçmək istəyərsə, o şəxs Azərbaycan ərazisindən tranzit kimi istifadə etməli olur. Bu zaman qanunvericiliyin tələbinə əsasən vergi ödənilməlidir”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, yol vergisinin ödənilməsinin mahiyyəti maşınların həmin ərazidən rahat istifadə etməsidir. İstənilən xarici ölkədə bu qayda tətbiq olunur. Bu səbəbdən də əraziyə giriş və çıxışda mütləq məlum qaydaya əməl olunmalıdır: “Erməni mətbuatının Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsində Azərbaycan tərəfinin İrana məxsus yük maşınlarından pul tələb etməsi iddiası ilə çıxış etməsi düzgün deyil”.

Günel CƏLİLOVA

Son xəbərlər