ABŞ-ın İrəvandakı səfiri Linni Treysi Azərbaycan tərəfinin qəti addımlarını artıq qaçılmaz edən bəyanat verdi. Səfir xanımın dediklərindən: “Biz ABŞ olaraq Azərbaycanı və Ermənistanı Minsk Qrupu çərçivəsində danışıqların bərpasına cəlb etmək üçün hər şeyi edirik… Biz hesab etmirik ki, Dağlıq Qarabağın statusu həll edilib. Status məsələsi Minsk Qrupunun gündəmində hələ də dayanır".
Amerika səfirinin bu açıqlamasının Azərbaycan dövlətinin və şəxsən Prezident cənablarının siyasətinə zidd olduğu aşkardır. Tək onu xatırladaq ki, bizim Prezident "Münaqişə bitdi, status olmayacaq" kimi birmənalı bəyanatı aylar öncə və müharibə bitəndə dedi.
Maraqlıdır ki, bu gün ABŞ səfirinin dediklərini Fransa, Rusiya, Ermənistan, Avropa Birliyi də deyir. Bizim dövlətimizin marağında və real olanı Azərbaycan Prezidenti dediyi halda, əks tərəflərdən tam fərqli şeylər eşidirik. Azərbaycanın təklənməsi kimi görünən bu vəziyyətdən narahat olmağa dəyməz, çünki haqq biz tərəfdədir. Lakin bəzi addımların atılmasına ehtiyac var.
Yaxşı olar ki, Minsk Qrupunun toplantısı çağırılsın, üç həmsədr ölkə 30 illik uğursuz fəaliyyətin səbəbləri barədə ayrılıqda və birgə hesabat versinlər, bu hesabatın əsasında MQ-nin fəaliyyətinə rəsmi qiymət verilsin. Təbii ki, bu qiymət məqbul ola bilməz və bilməyəcək də. Belə də Qarabağ məsələsinin ətrafında yaranmış indiki reallığa uyğun olaraq Minsk Qrupu ya öz mandatına dəyişiklik edərək status məsələsini kənara qoyaraq yeni formatda doğuş etməlidir, ya da oxşar yeni beynəlxalq vasitəçi formatın yaradılması nəzərdən keçirilməlidir.
Aydın QULİYEV